Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanlarını ölkənin Baş naziri Robert Fitsonun Moskva ilə əlaqələrini araşdırmağa çağırıb.
Senzor.az bildirir ki, Zelenski bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Moskvadakı görüşdən sonra Fitso və Putin birgə bəyanatla çıxış etmədi və medianın suallarını cavablandırmadı. Sadəcə olaraq, iclasda müzakirə olunanlarla bağlı açıq şəkildə heç nə deyə bilməzlər. Onlar ictimaiyyətin reaksiyasından qorxurlar. Moskva Fitsoya əhəmiyyətli endirimlər edir, lakin bu cür endirimlər əvəzsiz deyil. Slovakiya bunun əvəzini suverenlik və ya kölgə sxemləri ilə ödəyir. Bu, Slovakiyanın hüquq-mühafizə və kəşfiyyat orqanları üçün maraqlı olmalıdır”, - Zelenski bildirib.
Xatırladaq ki, dünən Robert Fitso jurnalistlərə açıqlqmasında demişdi ki, Moskvaya səfəri Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna üzərindən qaz tranzitinin dayandırılması ilə bağlı sözlərinə reaksiyadır: “Bugünkü görüşüm Volodimir Zelenskinin sözlərinə reaksiya idi. Zelenski cümə axşamı sualıma cavab verdi ki, o, Ukraynadan bizim ərazimizə qaz tranziti ilə bağlı istənilən variantın əleyhinədir”.