İlham Əliyev Laçında: YENİ AÇILIŞLAR, SAKİNLƏRLƏ GÖRÜŞ…
FOTO

Azərbaycan Prezidenti İlham Əliyev bu gün “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.

 

Senzor.az bildirir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlət başçısına fabrik barədə məlumat verib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.

 

Bildirilib ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

 

Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

 

Müəssisə ilə tanışlıqdan sonra dövlət başçısı sakinlərlə görüşüb.

 

Prezident İlham Əliyev: Necə yaşayırsınız doğma torpaqda?

 

Sakinlər: Yaxşı, Sizin sayənizdə yaxşı.

 

Prezident İlham Əliyev: İş yeri də açılıb.

 

Sakinlər: Hər şey gözəldir.

 

Prezident İlham Əliyev: Evlərlə də təmin olunmusunuz.

 

Sakinlər: Bəli, çox yüksək səviyyədə. Allah canınızı sağ eləsin. Sizin kimi gözəl Prezidentimiz var.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Sakin: Biz həmişə Sizə dünya Lideri deyirik. Siyasi cəhətdən, mənəvi cəhətdən, maddi cəhətdən xalqımıza çox böyük dəstək olursunuz. Sizə çox-çox minnətdarıq.

 

Prezident İlham Əliyev: Çox sağ olun

 

Sakin: İnşallah, gələn il bu vaxt gələndə şəxsən bizim evə qonaq gələrsiniz.

 

Prezident İlham Əliyev: Gələrəm.

 

Sakin: Başımız üstə yeriniz var, 495 nömrəli evdə Sizi gözləyirik.

 

Prezident İlham Əliyev: Şəhərdə qalırsınız?

 

Sakin: Bəli. Bayraq meydanı ilə üzbəüz. Gözümüz üstə. Siz çox sadə adamsınız. Xalqınızı çox sevənsiniz. Hər bir şeyə dəyər verənsiniz. Bizim üstümüzdə Sizin haqqınız çox-çox yüksəkdir.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Sakin: Biz də fəxr edirik ki, Sizin kimi gözəl Prezidentimiz var.

 

Prezident İlham Əliyev: Mən də sizinlə fəxr edirəm. Uzun illər ərzində işğal həyatını yaşamısınız, ancaq ümidlərinizi itirməmisiniz. Bilirdiniz, inanırdınız ki, qayıdacaqsınız və qayıtmısınız. İndi həm evlərlə təmin olunmusunuz, həm də iş yeri ilə, gözəl sənaye zonası yaradılıb. Düzdür, Laçın cənnətin bir parçasıdır, burada yaşamaq da xoşdur, çalışmaq da, işləmək də. Əsas odur öz torpağında, öz doğma torpağındasan.

 

Sakin: Vətənimizdəyik, ata-baba yurdumuzdayıq. Çox-çox minnətdarıq.

 

Prezident İlham Əliyev: Təbrik edirəm.

 

Sakinlər: Çox sağ olun, var olasınız.

 

Prezident İlham Əliyev: Sabah Müstəqillik Günüdür.

 

Sakin: Gələn ayaqlarınız var olsun, Allah kölgənizi daimi etsin.

 

Prezident İlham Əliyev: Sağ olun, sizinlə bayram ərəfəsində görüşürük.

 

Sakin: Ən böyük şansdır bizim üçün.

 

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın.

 

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

***

Prezident İlham Əliyev “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında da iştirak edib.

 

“Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək.

 

Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır.

 

“Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.

 

Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. “Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.

***

Prezident İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzindən şəhərin ərazisində yerləşən istehlakçıların - yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyinin və dayanaqlığının təmin olunması nəzərdə tutulur. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. 

 

Mərkəzin elektrik təchizatı üçün “Laçın” yarımstansiyasından 4,8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib. Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu da öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır.

 

Mərkəzdə, həmçinin istehlakçıların elektrik enerjisi verilişində planlı fasilələrin yaranması barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılma imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdaretmə Mərkəzində avtomatik idarə olunduğundan elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, həmçinin cihaz və avadanlıqların qarşılıqlı koordinasiyasını tam təmin edən mərkəz vasitəsilə əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması həyata keçirilir. Bununla yanaşı, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyası da icra olunur. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətinə ehtiyac olmur.































Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.