İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar bir saatdan çox davam edib və rus dilində aparılıb.
Türkiyə, Rusiya və Ukrayna heyətləri arasındakı görüşdən sonra tərəflər toplantının nəticələrinə dair açıqlama veriblər.
Ukrayna tərəfi açıqlamalarında görüşlərini konkret humanitar nəticələr əldə edə biləcək bir mərhələyə çatdırdıqlarını ifadə ediblər. Ukraynanın müdafiə naziri Rustem Umerov görüşdə bütün əsirlərin azad edilməsi və uşaqların geri qaytarılmasını tələb etdiklərini bildirib. O, bütün əsas məsələlərin yalnız liderlər səviyyəsində həll edilə biləcəyinə inamını ifadə edərək, iyunun 20-dən 30-dək daha bir görüş keçirməyi təklif etdiklərini deyib.
“İlk addım çox aydındır: atəşkəsin təmin edilməsi, humanitar addımların atılması və liderlər sammitinə hazırlıq”, - deyə R.Umerov əlavə edib.
Rusiya heyətinin rəhbəri, bu ölkə Prezidentinin köməkçisi Vladimir Medinski də açıqlamasında danışıqlar zamanı ən genişmiqyaslı əsir mübadiləsi mövzusunda razılığa gəldiklərini, yaralı və ağır yaralı əsgərlərin hamısının mübadilə olunacağını deyib. O, gələn həftə Ukrayna tərəfinə birtərəfli qaydada 6 min dondurulmuş hərbçi cəsədini təhvil verəcəklərini açıqlayıb.
**15:53
İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Çırağan sarayında keçirilən toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir.
Görüşün rəsmi açılış hissəsində çıxış edən nazir Hakan Fidan əsas hədəf və məqsədlərdən danışıb. Bildirib ki, bu toplantı ilə bağlı hazırlıqlar Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyə heyətinin Moskva və Kiyevə səfərləri çərçivəsində başladılıb, ortaq qərarlar əsasında ərsəyə gəlib.
Nazir bu görüşdə atəşkəs və əsir mübadiləsi kimi məsələlərdə bir addım irəli getməyi, liderlər toplantısı üçün lazımi tədbirlərin görülməsi istiqamətində müzakirələr aparmağı hədəflədiklərini deyib.
“Qarşılıqlı görüşlərlə fikir ayrılıqlarını azaltmaq və sülh yolunda daşların döşənməsi mümkün olacaq. Bu görüşlərin fayda verərək, ən qısa vaxtda arzuedilən nəticənin əldə olunması əsas gözləntimizdir. Amerikanın bu görüşlərə inam və dəstəyini son dərəcə əhəmiyyətli hesab edirik. ABŞ Prezidentinin sülhün təmini yolundakı qərarlılığı yeni bir fürsət pəncərəsi açdı. Əsas qalıcı sülhün təmininə nail olmaqdır. Bu sülh qlobal miqyasda yaşanan qida, enerji və nəqliyyat kimi bir çox problemlərin də həllinə töhfə verəcək. Bu dövr ərzində Türkiyə olaraq hər cür dəstəyə hazırıq”, - deyə Hakan Fidan bildirib.
Xatırladaq ki, görüşə Türkiyə tərəfindən XİN başçısı ilə yanaşı, ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının da qatılıblar.
Toplantıda Rusiya heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna heyətinə isə müdafiə naziri Rustem Umerov rəhbərlik edirlər.