Xəzər dənizi vasitəsi ilə külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Qeyd olunub ki, DSX-nın Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.
Həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 3 nəfər heyət üzvü İrana məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıqla birlikdə Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıblar.
Araşdırma zamanı sərhəd pozucularının İran vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.