Ləğv edilmiş separatçı rejimin sonuncu "lideri" Samvel Şahramanyan üç müxtəlif cinayət işi üzrə dindirilib. Dindirilmə 4-5 saat davam edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu onun vəkili Roman Yeritsyan Ermənistan İstintaq Komitəsində Şahramanyanın dindirilməsindən sonra jurnalistlərlə söhbətində deyib.
Yeritsyan qeyd edib ki, müvəkkilinin şahid statusunda ifadəsi alınıb.
Ermənistan KİV-in məlumatına görə, son bir ay ərzində Şahramanyan artıq 6-7 dəfə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə çağırılıb. Separatçının dindirildiyi iş 44 günlük müharibə zamanı baş verənlərlə bağlıdır.
Yeritsyan təsdiqləyib ki, proseslər məhz bu məsələlərə aiddir. Onun sözlərinə görə, bu proses 2023-cü ilin oktyabrında başlayıb. Son 2 həftə ərzində Şahramanyan 4 dəfə dindirilib, növbəti dindirmə iyunun 6-na təyin edilib.
Nə üçün Şahramanyanın dindirilməsinin prosesin başlanmasından 2 il sonra başlandığına vəkil dəqiq cavab verməyib.
Vəkil ibtidai istintaqın davam etdiyi bir vaxtda işin təfərrüatlarını açıqlaya bilməyəcəyini söyləyib. Yeritsyan gələcəkdə Şahramanyana qarşı cinayət işinin açılacağını və onun həbs oluna biləcəyini istisna etməyib.