Hindistanda qəzaya uğrayan “Air India” təyyarəsinin sərnişinlərindən birinin, 40 yaşlı Böyük Britaniya vətəndaşı Vişvaş Kumar Rameşin sağ qalması barədə məlumat təsdiqlənib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Əhmədabad şəhərinin polis komissarı GS Malik jurnalisttlərə açıqlamasında təyyarədəki 11A nömrəli yerdə əyləşmiş Vishvaş Kumar Rameşin qəza zamanı sağ qaldığını və hazırda xəstəxanada müalicə olunduğunu söyləyib.
V.K.Rameş "Hindustan Times" nəşrinin əməkdaşına deyib ki, təyyarə havaya qalxdıqdan 30 saniyə sonra "bərk gurultu" eşidib, ardınca isə hava gəmisi yerə düşüb: "Qəzadan sonra ətrafımda cəsədlər var idi. Qorxdum. Ayağa durub qaçdım. Kimsə məni tutub təcili yardım maşınına mindirdi və xəstəxanaya apardı".
Qeyd edək ki, qəzaya uğramış təyyarənin göyərtəsində 242 nəfər olub. Onlardan 230-u sərnişin, ikisi pilot və 10-u bort bələdçisi olub. Sərnişinlərdən 169-u Hindistan, 53-ü Böyük Britaniya, yeddisi Portuqaliya və biri Kanada vətəndaşıdır.