Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, söhbət zamanı İsrail ilə İran arasındakı münaqişə, regional və qlobal məsələlər müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan Türkiyənin vasitəçi ola biləcəyini vurğulayıb.
Məlumata görə, Prezident Ərdoğan danışıqda İsrail və İran arasındakı münaqişəli proseslə əlaqədar başqa dövlətlərin liderləri ilə danışıqlar apardığını, münaqişənin tezliklə sona çatması və nüvə danışıqlarına qayıdılması üçün rəsmi Ankaranın vasitəçi rol oynamağa hazır olduğunu bildirib.
O, regionda sülh və sabitliyin qorunmasına Türkiyənin verdiyi əhəmiyyəti də qeyd edib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.