"Ey İran diktatoru (ali dini lider Əli Xamenei - red.), Səddam Hüseynin (İraqın sabiq lideri – red.) aqibəti sənin də başına gələcək!".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats səhər saatlarında ölkə ordusunun ali rütbəli nümayəndələri ilə keçirdiyi vəziyyəti qiymətləndirmə iclasında deyib.
O, birbaşa Əli Xameneiyə xəbərdarlıq ünvanlayıb ki, "müharibə cinayətləri törətməkdən, mülki İsrail sakinlərinə raket atmaqdan əl çəksin".
"O, İsrail Dövlətinə qarşı məhz eyni yolu seçmiş qonşu ölkədəki diktatorun taleyini xatırlasın!", - Kats vurğulayıb.
Məlumat üçün xatırladaq ki, İraqın sabiq lideri Səddam Hüseyn 2003-cü ildə ABŞ-ın İraqı işğalı vaxtı devrilmiş və asılmışdı.
Kats diqqətə çatdırıb ki, İsrail Hərbi Hava Qüvvələri dünən İran dövlət televiziyasına aviazərbə endirdiyi kimi digər siyasi və hərbi qurumların binalarını da hədəfə alacaq.
"Tehran sakinlərini öz təhlükəsizlikləri naminə həmin əraziləri boşaltmağa çağırıram", - nazir deyib.