İranlı islam alimi Ayətullah Məkarim Şirazi ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı fətva verib.
Ayətullahın rəsmi saytında yayımlanan fətvada vurğulanır ki, bu fətva "bir qrup möminin müraciətinə" cavabən verilib.
"İslam ümmətinə, onun suverenliyinə zərər vurmaq məqsədilə rəhbərlik və hakimiyyəti hədələyən, yaxud ona hücum çəkən istənilən şəxslə müsəlmanların və islam dövlətlərinin hər cür əməkdaşlığı qadağandır. Dünyadakı bütün müsəlmanlar istəyirlər ki, bu düşmənlər öz sözlərindən və səhvlərindən peşmanlıq çəksinlər", - fətvada vurğulanır. İranın şəriət qanunlarına əsasən, fətvada göstərilən hərəkətlərə yol vermiş şəxslərin edamla öldürülməsinə icazə verilir. Beləliklə, Məkarim Şirazi bu fətva ilə həm Donald Trampın, həm də Benyamin Netanyahunun öldürülmələri üçün dolayı hökm çıxarıb.
Digər tərəfdən, İran İslam Şurası Məclisi (parlament) də ABŞ və İsrailin, habelə digər "düşmən rejimlər"in lehinə casusluq fəaliyyəti göstərməyə, eyni zamanda, bu ölkələrlə əməkdaşlıq əlaqələri yaratmağa görə cəzaları sərtləşdirən yeni qanunu təsdiqləyib. Qanuna əsasən, barəsində sözügedən ittihamlar irəli sürülən şəxsləri birbaşa edam gözləyəcək.
Yeni qanun adıçəkilən ölkələrlə istər hərbi, istərsə də iqtisadi əməkdaşlığı, eləcə də kiberhücumları və texnoloji avadanlıq mübadiləsini əhatələyir. Ölkənin təhlükəsizliyinə xələl gətirən siyasi fəaliyyətlərə, mətbuat çıxışlarına görə isə 15 ilədək həbs cəzası nəzərdə tutulur. "Starlink" kimi İranda lisenziyasız internet cihazlarından istifadə halında 2 ilədək, bu cihazların kütləvi yayılmasına görə isə 10 ilədək həbs cəzası gözlənilir.
Məlumat üçün bildirək ki, əvvəllər bu cür cinayətlər törətmiş şəxslərə 1 ildən 10 ilədək həbs cəzası verilirdi və ABŞ rəsmi surətdə "düşmən dövlət" sayılmırdı.
Azvision.az xatırladır ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarıb, İran isə əsasən İsraildəki yaşayış məntəqələrinə raket buraxıb. ABŞ-ın, şəxsən Prezident Donald Trampın müdaxiləsi nəticəsində tərəflər arasında atəşkəs qüvvəyə minib. 12 günlük müharibə ərzində hər iki ölkədə çoxsaylı mülki insan itkisi baş verib, o cümlədən İranın bir sıra ali hökumət və ordu nümayəndələri həyatını itirib.