Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı qurumun qrup toplantısında həm də səhhətindən danışıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, səhhəti ilə bağlı yayılan iddiaların doğru olmadığını söyləyib.
MHP lideri xəstə olduğu dönəmdə barəsində yayılan şayiələrə belə reaksiya verib: “Süni intellektlə danışdırıldığımı iddia edən balqabaqbaşları, şikəst beyinləri və zəhərli dilləri təəccüblə izlədik. “Dublyordan istifadə edirlər”, “Həqiqəti gizlədirlər”, “Çoxdan ölüb” deyən şarlatanların heyrətlə şahidi olduq.
Keçirdiyim xəstəliyə görə könülsüz də olsa, bir müddət fasilə verməli olduq. Buna baxmayaraq, işimizi fasiləsiz davam etdirdik. Türkiyənin və dünyanın gündəmini yaxından izlədik. Lazım olan hər vəziyyətdə öz fikirlərimizi, düşüncələrimizi əziz millətimizlə bölüşdük.
Daşıdığımız əmanət canı yalnız hikməti şübhə altına alınmayan Uca Allah alacaq.
Şükür Allaha, sağlamlığımız, gücümüz yerindədir. Üstəlik, görəcəyimiz daha çox işimiz, çatacağımız daha çox hədəfimiz, sevindirəcək daha çox dostumuz, titrədəcəyimiz daha çox düşmənimiz var”, - Baxçalı bildirib.