“Belarus Prezidenti Aleksandr Lukaşenkoya Ukraynanın Rusiyaya zərbələrinin məhdudlaşdırılacağı ilə bağlı söz verməmişəm”.
Bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Bu sitat kontekstdən çıxarılıb. Lukaşenko ilə söhbətimdə tam və qeyd-şərtsiz atəşkəs barədə müzakirə apardıq. Kiyevin davranışına hər hansı məhdudiyyətlər Moskvanın qarşılıqlı hərəkətləri ilə şərtlənir. Mən Ukraynanın müharibəni tam atəşkəsdən sonra da davam etdirəcəyinə dair heç vaxt şərh verməmişəm”, - Kelloq "X" səhifəsində yazıb.
Teleqraf xatırladır ki, Belarus Prezidenti bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsinin ona Ukraynanın Rusiyaya zərbələrinin məhdudlaşdırılması üzərində işləyəcəyi barədə söz verdiyini iddia etmişdi.
Onu da qeyd edək ki, Aleksandr Lukaşenko və Keyt Kelloq arasında görüş iyunun 21-də Belarusun paytaxtı Minskdə olub.