Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyanın Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) mümkün görüşü ilə bağlı KİV-də yayılmış məlumatla bağlı açıqlama verib.
O, Ermənistan hökumətinin başçısının səfərləri ilə bağlı məlumatların vaxtında ictimaiyyətə açıqlandığını bildirib.
“Baş nazirin səfərləri ilə bağlı lazımi məlumatlar vaxtında verilir”, - deyən Baqdasaryan mümkün görüşü nə təsdiq, nə də təkzib edib.
“Middle East Eye” bundan əvvəl öz mənbələrinə istinadla yazıb ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki Qafqaz xalqı arasında münasibətləri yaxşılaşdırmaq səyləri çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında görüşə ev sahibliyi etmək istəyir. Bu kontekstdə sayt xatırladıb ki, iyunun 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyanın azərbaycanlı və erməni həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışığı olub.(“Teleqraf”)