İyulun 9-dan 10-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava hücumu edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əvvəlcə Kiyevə zərbə dronları ilə müxtəlif istiqamətlərdən kütləvi hücum olunub, partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işləməyə başlayıb. Daha sonra Kiyevə ballistik və müxtəlif tipli raketlərlə hücum edilib. Şəhərdə çoxsaylı dağıntılar var, yaşayış binaları ciddi ziyan görüb.
Kiyev şəhərinin meri Vitali Kliçkonun verdiyi məlumata görə, paytaxtın Qoloseyev, Şevçenko, Solomin, Darnitsa, Svyatoşin və Podol rayonlarında dağıntılar qeydə alınıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenko isə bildirib ki, hava hücumu zamanı Kiyevin 8 rayonunda yaşayış, tibb, təhsil, ticarət və nəqliyyat infrastrukturuna ziyan dəyib. Podolsk rayonunda 2 qadın - 68 yaşlı sakin və 22 yaşlı metropolitenin polis əməkdaşı həlak olub, 20-dən çox insan xəsarət alıb. Dağıntıların altında qalanların olduğu istisna edilmir.