Rusiya ordusunun Kiyevə 10 saatlıq kütləvi zərbəsindən sonra Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrinə müraciət edib.
Zelenski öz Telegram kanalında etdiyi müraciətdə hava hücumundan müdafiə sistemini gücləndirməyi tələb edib.
“Bu gün mən partnyorlarla, xüsusən də “istəklilər koalisiyası”nın üzvləri ilə pilotsuz təyyarələrin istehsalı üçün əlavə maliyyə və Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə danışacağam”, - deyə Zelenski detalları bölüşüb.
Ukrayna lideri həmçinin Qərbdən Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi tələb edib.
Zelenski iyulun 10-na keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynanın infrastruktur obyektlərinə on saatlıq kütləvi hücumuna toxunaraq bildirib ki, Çerniqov, Sumı, Poltava, Kirovoqrad və Xarkov vilayətlərindəki obyektlərə də zərbələr endirilib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri 18 raket və 400-ə yaxın pilotsuz uçan aparat atıb.(Publika.az)