İran Prezidenti Məsud Pezeşkian 12 günlük müharibə zamanı İsrailin endirdiyi zərbə nəticəsində yaralanıb.
Bu barədə İranın dövlət xəbər agentliyi "Fars" məlumat yayıb.
Bildirilib ki, İran Prezidenti Məsud Pezeşkian iyunun 16-da İsrailin Ali Milli Təhlükəsizlik Şurasının iclasının keçirildiyi binaya endirdiyi hava zərbəsi nəticəsində yaralanıb.
Görüşdə Pezeşkiandan başqa, parlamentin spikeri Məhəmməd-Bağer Qalibaf, məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər.
Məlumata görə, İsrail binaya ən azı 6 bomba atıb və bununla təxliyə yollarını bağlamaq istəyib. Məqsədi içəridəkilərin binadan çıxmasının və binaya hava daxil olmasının qarşısını almaq olub. Buna baxmayaraq, rəsmilər fövqəladə çıxış lyuku vasitəsilə oradan çıxa biliblər. Pezeşkian və bir neçə nəfər məhz binanı tələsik tərk edərkən ayaqlarından yaralanıblar.
Xatırladaq ki, ötən həftə Pezeşkian amerikalı şərhçi-jurnalist Taker Karlsona verdiyi müsahibədə İsraili onu qətlə yetirməyə cəhddə ittiham emişdi: “Həmin iclasda idim və onların casusları sayəsində əldə etdikləri kəşfiyyat məlumatı ilə toplantı keçirilən ərazini bombalamağa çalışdılar”.
Yeri gəlmişkən, “Fars” agentliyi İsrailin hücumu dəqiqliklə planlaşdırıb həyata keçirdiyini nəzərə alaraq, iranlı rəsmilərin içəridən məlumat sızması ehtimalını araşdırmağa başladığını da qeyd edib.