İsrail Böyük Britaniyanın Baş naziri Kir Starmeri ölkədə “yəhudi əleyhinə zəhərli dalğanı cilovlaya bilməməkdə” günahlandırıb.
“The Telegraph” xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar sərt bəyanat yayaraq Böyük Britaniya hökumətini yəhudi əleyhinə nifrətin artmasına şərait yaratmaqda ittiham edib.
Qeyd edək ki, Mançesterin Hiton Park sinaqoqunda Yom Kipur mərasimi zamanı terror hücumu baş verib. Hadisə zamanı saxta intihar kəməri geyinmiş bir nəfər avtomobili izdihamın üzərinə sürüb, daha sonra bıçaqla ibadət edənlərə hücum edib. Bir neçə dəqiqə ərzində əraziyə çatan polis hücum edən şəxsi zərərsizləşdirərək öldürüb. Rəsmi məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Həlak olanların sinaqoqun içərisinə hücum edənin girməsinin qarşısını alan təhlükəsizlik işçiləri olduğu bildirilir.
Polisin məlumatına görə, hücum edən şəxs Suriyadan olan Britaniya vətəndaşı, 35 yaşlı Cihad Əl-Şami olub. O, uşaqlıqda Birləşmiş Krallığa gəlib və 2006-cı ildə vətəndaşlıq alıb.