
“Bütün təcrübələrimdən faydalanaraq, Bəşər Əsədi öz rejimi daxilindən devirmək üçün işlərin təşkilinə başladım”.
Suriya Prezidenti Əhməd Əl Şaraa bunu “Al Jazeera”yə müsahibəsində deyib.
O bildirib ki, bu proses zamanı xaricdən dəstək almayıblar.
Suriya lideri keçmiş rejimin aradan qaldırılmasının zəruri olduğunu vurğulayıb: “Keçmiş rejimin aradan qaldırılması təkcə Suriya üçün deyil, bütün region üçün vacib idi. Devrilmiş rejimə qarşı mübarizədə hərbi istiqamətə fokuslanmaqla yanaşı, yenidən təşkilatlanma prosesinə hazırlıq işlərini də həyata keçirdik”.
Suriya Prezidenti ölkədəki çətin vəziyyəti düzəltmək üçün təkcə ordunun və hərbi gücün yetərli olmadığını da etiraf edib: "Hərbi güc vasitələrdən yalnız biridir. Ölkəni ayağa qaldırmaq üçün düzgün media siyasəti yürütmək, xalqın dəstəyini qazanmaq, dövlət işlərini idarə etməyi bacarmaq, dövlət qurumları yaratmaq, iqtisadiyyatı dirçəltmək və inkişafa nail olmaq lazımdır".