Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan TCG Anadolu desant gəmisinə helikopterdən baxış keçirib.
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, dövlət başçısı ölkənin şimal-qərbindəki Sakarya vilayətində keçirilən tədbirlərə gedərkən Türkiyənin ən böyük hərbi gəmisinin üzərindən uçub.
— Erdoğan Dijital Medya (@RTEdijital) September 24, 2022
Helikopterdən fotolar Twitter-də yerləşdirilib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqman gəmisinin tikintisi 2015-ci ildən İstanbuldakı Sedef tərsanəsində Prezident Ərdoğanın şəxsi göstərişi ilə davam etdirilir.
Layihə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin nəzarəti altında həyata keçirilir.
TCG Anadolu gəmisinin uzunluğu 231 metr, eni isə 32 metrdir. Tam təchiz edildikdə, onun çəkisi 27 436 ton olacaq.
Göyərtədə hücum PUA-ları da yerləşdiriləcək.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı Egey, Qara və Aralıq dənizlərində əməliyyatlar üçün nəzərdə tutulub və lazım gəldikdə Hind və Atlantik okeanlarındakı missiyalarda iştirak edə bilər.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Sakaryada bir sıra yeni təsisatların açılışında iştirak edib.
Sakarya Demokratiya Meydanında ictimaiyyət qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yaxın və uzaq hədəflərindən bəhs edib.
Sakarya Meydan Savaşının tarixindən danışan dövlət başçısı əminliklə bildirib ki, Cümhuriyyətin yüzüncü ildönümü münasibətilə daha böyük, strateji əhəmiyyətli təsisatlar istifadəyə veriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında 2023-cü ildə keçiriləcək seçkilərə də geniş yer ayırıb.
Senzor.az