Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisidə işgüzar səfərdədir.
Baş Prokurorluqdan senzor.az-a verilən məlumata görə, plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürülmüş zəruri təşəbbüslər və atılmış əməli addımlar haqqında danışıb, əldə olunmuş uğurlu nəticələr barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbir çərçivəsində, həmçinin Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov "Cinayət ədliyyəsinin rəqəmsallaşdırılması" mövzusunda çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Konfrans çərçivəsində Baş prokuror Kamran Əliyev Türkiyənin Baş prokuroru Bekir Şahin, Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud Əl-Müacib, Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene, Monqolustanın Baş prokuroru Jargalsaixan Banzragç və Sinqapur Respublikasının Baş prokuroru Lüsyen Vonqla, eləcə də Avropa Birliyinin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) prezidenti Ladislav Hamranla görüşlər keçirib.
Baş Prokurorluğun nümayəndə heyətinin Gürcüstana işgüzar səfəri davam edir.