Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 10-da Özbəkistana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə lideri Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçiriləcək 9-cu sammitində iştirak edəcək.
“Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqi yolunda” mövzusunda keçiriləcək sammit çərçivəsində TDT-nin gündəliyində duran aktual məsələlərin müzakirə olunacağı platforma formalaşdırılacaq.
Sammit iştirakçıları TDT-yə üzv ölkələr arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımları nəzərdən keçirəcəklər.
Forumda qurumun fəaliyyəti və gələcəyi ilə bağlı mühüm qərarlar, xüsusilə “Strateji Sənəd” qəbul ediləcək. Bu, 12 noyabr 2021-ci ildə İstanbulda qəbul edilmiş “Türk Dünyasına Baxış -2040” proqramının həyata keçirilməsi üçün ilk beşillik bələdçi olacaq.
Prezident Ərdoğan noyabrın 11-də keçiriləcək sammitdə çıxış edəcək.
Sammit çərçivəsində Türkiyə dövlət başçısının iştirakçı ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Təşkilata sədrliyin Türkiyədən Özbəkistana keçəcəyi sammitin proqramı başa çatdıqdan sonra Səmərqənd Bəyannaməsi qəbul ediləcək.
Senzor.az