Fransa-İtaliya SAMP/T raketdən müdafiə sistemi artıq Ukraynada yerləşdirilib.
“Ukrainskaya pravda”nın məlumatına görə, belə bir bəyanatla Fransa Prezidenti Emmanuel Makron çıxış edib.
“Mən italiyalı həmkarım Corciya Meloni ilə birlikdə Fransa-İtaliya SAMP/T zenit-raket kompleksinin hazırda Ukraynada yerləşdirilərək işə salındığını elan etməkdən məmnunluq duyuram. Bu kompleks əsas obyektləri və insanların həyatını qoruyacaq”, - deyə Makron qeyd edib.
Bu barədə mətbuatda dəfələrlə xəbərlərin dərc olunmasına baxmayaraq bu, SAMP/T-nin Ukraynaya çatdırılması ilə bağlı ilk rəsmi təsdiqdir.
SAMP/T sisteminin Ukraynaya tədarükü bu ilin fevralında İtaliyanın Fransa ilə razılaşma əsasında elan etdiyi altıncı hərbi yardım paketi çərçivəsində baş tutub.
Qeyd edək ki, SAMP/T-MAMBA Avropanın ilk uzunmənzilli raket əleyhinə sistemidir. Bu sistem 3-100 kilometr məsafədə düşmən təyyarələrini və 3-25 kilometr məsafədə ballistik raketləri məhv edə bilir, məhvetmə yüksəkliyi isə 25 kilometrə çatır.
SAMP/T “Eurosam” Avropa konsorsiumu (MBDA İtaliya, MBDA Fransa, “Thales”) tərəfindən hazırlanıb. Sistemdən İtaliya, Fransa və Sinqapurda istifadə olunur.