İyunun 21-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) terrorçuluq, dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçusu ilə bağlı Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib.
Senzor.az-ın məlumatına görə, bu barədə Ali Məhkəmənin sədr müavini, Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndə Çingiz Əsgərov bildirib.
Onun sözlərinə görə, Ermənistan öz tələbində yuxarıda qeyd olunan iki hərbi qulluqçunun Azərbaycanda guya İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinə zidd olan rəftara məruz qaldıqlarını iddia edib.
Bununla bağlı, Azərbaycan tərəfi erməni hərbçilərinin Avropa Konvensiyası ilə qorunan hüquqlarının lazımi qaydada təmin edildiyi, onların həyat və sağlamlığı üçün heç bir təhlükənin olmadığı barədə müvafiq arqumentlər və sübutları İHAM-a təqdim edib.
İHAM Azərbaycan tərəfinin mövqeyinə əsaslanaraq, Avropa Məhkəməsi Reqlamentinin 39-cu qaydasına uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbirinin tətbiqi ilə bağlı müraciətini rədd edib.