Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 2022-ci ili 5 milyard 240,044 milyon manat xalis zərərlə başa vurub.
Senzor.az bildirir ki, ARDNF-in 2022-ci il üzrə maliyyə hesabatlarında belə deyilir.
Halbuki, Fond 2021-ci ildən 1 milyard 556,203 milyon manat xalis mənfəətlə çıxmışdı.
Hesabatdan məlum olur ki, ötən il ARDNF-in effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 71,445 milyon manat (əvvəlki ilə nisbətən 16,5 dəfə çox), istiqraz investisiyaları üzrə zərəri 1 milyard 928,619 milyon manat (əvvəlki il gəlir olub), səhm investisiyaları üzrə zərəri 1 milyard 703,042 milyon manat (əvvəlki il gəlir olub), qızıl külçə investisiyaları üzrə gəlirləri 87,912 milyon manat (əvvəlki il zərər olub), məzənnə fərqi üzrə zərəri 1 milyard 455,933 milyon manat (3,2 % az), investisiya mülkiyyətinin ədalətli dəyərlə yenidən qiymətləndirilməsi üzrə zərəri 3,48 milyon manat (əvvəlki il gəlir olub), icarə gəlirləri 41,132 milyon manat (14,6 % çox), sair əməliyyat gəlirləri 20,493 milyon manat (58,8 % çox), əməliyyat xərcləri 74,963 milyon manat (1% çox), birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində pay üzrə zərəri 295,614 milyon manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 0,625 milyon manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 84 milyard 109,51 milyon manat olub ki, bu da illik müqayisədə 9,4 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 7,3 % artaraq 627,829 milyon manata, balans kapitalı isə 10,7 % artaraq 83 milyard 481,681 milyon manata çatıb.