Türkiyə-Azərbaycan birgə pilotsuz uçuş sistemlərinin istehsalı və onların Azərbaycanda istismarı məsələsinə baxılır.
Bu barədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov CBC telekanalına müsahibəsində bildirib.
“Qardaş Türkiyə ilə çox sıx əməkdaşlığımız var, ortaq layihə mövcuddur. Söhbət təkcə yeni pilotsuz uçuş aparatlarının, sistemlərinin alınmasından yox, həm də onların birgə istehsalından və burada istismarından gedir. Artıq bu məsələlər öz həllini tapır və yaxın gələcəkdə, yəqin ki, ictimaiyyətə məlumat veriləcək. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkələrimizin Silahlı Qüvvələri arasındakı əməkdaşlığa xüsusi diqqət yetirir. Bildiyiniz kimi, biz çox güclü inteqrasiya olunmuşuq, birgə təlimlər keçiririk”, - nazir deyib.
**15:07
"ABŞ Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsi ilə maraqlanır".
Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov CBC telekanalına müsahibəsində bildirib.
“Müavinim, Hərbi Hava Qüvvələrinin komandanı ABŞ-da olub. O, orada ordu rəhbərliyinin nümayəndələri ilə görüşüb. Gündəmdə əməkdaşlıq, qarşılıqlı fəaliyyət məsələləri var. Daha artığını deyəcəyəm. Bu, sirr deyil, onlar İkinci Qarabağ müharibəsindəki hərbi təcrübəmizlə maraqlanırlar”, - Z.Həsənov deyib.
**
“Təxribatlar Ermənistan silahlı qüvvələri üçün həmişə çox pis başa çatıb”.
Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov CBC telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan Ordusuna qarşı heç bir şansı yoxdur və onların yeganə imkanları xırda təxribatlardır:
“Biz Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin imkanlarını yüksək qiymətləndirmirik. Biz onların sayını, silahlarını, mənəvi-psixoloji durumlarının, nəyə qadir olduqlarını bilirik. Sizi əmin edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, onların Azərbaycan Ordusuna qarşı hansısa tədbir görmək şansları qətiyyən yoxdur. Hansısa kiçik təxribatlar ola bilər. Amma təxribatlar da onlar üçün həmişə çox pis başa çatır”.
Müdafiə naziri xatırladıb ki, 2020-ci il müharibəsindən sonra Azərbaycan Ordusu Ermənistanla şərti sərhəddə təxminən 6 böyük əməliyyat keçirib, nəticədə Ermənistan ordusu həm canlı qüvvə, həm də texnika baxımından böyük itki verib və Azərbaycan strateji yüksəklikləri ələ keçirib.
General-polkovnik qeyd edib ki, belə strateji üstünlüyə malik olan Azərbaycan orada güclü atəş sistemi və güclü mühəndis strukturları yaradıb və bu da əməliyyat üstünlüklərinə malik olmağa imkan verir.
**12:33
“Ermənistan müharibədən əvvəlki dövrlərdə buraxdığı səhvləri təkrarlayır, 2020-ci ildə 44 günlük müharibədən nəticə çıxarmadı”.
Bu sözləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qonağı olduğu CBC-nin “Sənan Rzayevlə bu gün aktual” verilişində deyib.
Müsahibə zamanı 105 illiyə Silahlı Qüvvələrin hansı nailiyyətlərlə daxil olduğu, komando hərbi hissələrinin açılışı, şəraiti, onların Silahlı Qüvvələrdə yeri, 44 günlük müharibədən sonra yeni silahların alınması, Qarabağda erməni separatçıların təxribatları, onların məqsədi, Azərbaycan aviasiyasının müasirləşməsi, Azərbaycan Silahlı Qüvvələrinin amerikalı həmkarları ilə əməkdaşlıqları və s. müzakirə edilib.