Moldova sərhədçiləri Ukrayna ilə sərhəddə kiberhücumlar törətməkdə şübhəli bilinən və “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.
Moldova Sərhəd Xidmətinin saytında yerləşdirilmiş məlumatda belə deyilir.
Qeyd olunub ki, Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş, kiberhücumlar üzrə ixtisaslaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü Otaç şəhərinin dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılıb.
Azərbaycan vətəndaşı olan 36 yaşlı şəxsin ekstradisiyası ilə bağlı qərar çıxarılıb.
Sərhəddə saxlanılan şəxs Ukrayna pasportunu göstərib, lakin əlavə yoxlamadan sonra sərhədçilər onun əslində Azərbaycan vətəndaşı olduğunu və “İnterpol”un məlumat bazasında beynəlxalq axtarışa verildiyini müəyyən ediblər.
Şübhəli şəxs Edinet şəhərindəki istintaq təcridxanasına yerləşdirilib, bundan sonra istintaq üçün Kişinyova aparılacaq və Azərbaycana göndəriləcək.