Biz son 2 il yarıma yaxın vaxtda, həmçinin 30 illik işğal dövründə də onlarla, yüzlərlə, hətta minlərlə müxtəlif çağırışlar eşitmişik.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Laçın yolu ilə bağlı açıqlamasına münasibət bildirən xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Təbii ki, bu çağırışları eşitmək lazımdır. Təhlil etmək vacibdir. Biz də bunu edirik, adekvat reaksiyalar veririk. Hesab edirəm ki, zaman onu göstərdi ki, məsələlərin düzgün istiqamətdə inkişafı və həll edilməsi üçün Azərbaycan tərəfi özü sistemli tədbirlərini görməlidir və görür. Azərbaycan dövlətinin özünün beynəlxalq hüququn norma və prinsiplərini gözləməklə məsələləri həll etmək üçün konkret baxışı var. Biz kimlərinsə çağırışı və baxışına görə yox, öz milli maraqlarımıza görə siyasətimizi həyata keçiririk. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək", - nazir əlavə edib.
**12:20
Son aylar ərzində Azərbaycan-Ermənistan postmünaqişə kontekstində gedən danışıqlar intensiv hal alıb.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Cənab Prezident bu müddət ərzində bir neçə dəfə Ermənistan lideri ilə görüşüb. Belə görüşlərin müxtəlif beynəlxalq tədbirlər səviyyəsində yaxın zamanlarda yenə də davam etməsi gözlənilir. Həmçinin XİN rəhbərləri, baş nazirlərin müavinləri səviyyəsində də sözügedən danışıqlar aparılır və aparılacaq", - nazir əlavə edib.
**12:12
Azərbaycan üçün Azərbaycan-İran münasibətləri regional inkişaf və təhlükəsizlik baxımından olduqca önəmlidir.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan hər zaman İranla münasibətlərin müsbət müstəvidə inkişafında maraqlı olub. Son zamanlar iki ölkə arasında münasibətlərdə gərginliklər yarandı, bunun çox ciddi səbəbləri vardı. Lakin İran xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Azərbaycana səfərini, Qoşulmama Hərəkatı nazirlər iclasında iştirakını, bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox müsbət qiymətləndiririk”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, bu görüş əsasında bütün məsələləri və gərginliyə səbəb olan mövzuları da açıq şəkildə müzakirə etmək imkanları oldu.
"İran tərəfindən fikir ayrılıqlarının götürülməsi istiqamətində ciddi addımlar atmaq niyyətini görürük. Belə olan təqdirdə Azərbaycanda adekvat, qarşılıqlı addımlar atacaq", - deyə Ceyhun Bayramov əlavə edib.
**11:16
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə diplomatik xidmət orqanlarının rəhbərləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Senzor.az xəbər verir ki, rəsmilər Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.