Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 15-də Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli formatda görüşmək üçün Brüsselə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə cümə günü Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
“Bu axşam baş nazir Nikol Paşinyan Brüsselə işgüzar səfərə yola düşüb. İyulun 15-də o, Aİ Prezidenti Şarl Mişel ilə görüşəcək. Bundan sonra Ermənistanın baş naziri, Aİ prezidenti və Azərbaycan Prezidentinin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır”, - məlumatda deyilir.
Qeyd edək ki, hazırda Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirilir.