Ombudsman Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsmanın) Ermənistan tərəfindən törədilən beynəlxalq ekoloji cinayətlərlə bağlı müraciət beynəlxalq təşkilatlara müraciət edib.


Ombudsman Aparatından Senzor.az-a verilən xəbərə görə, müraciətdə deyilir:


"Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini 30 il müddətində işğal altında saxlayan Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinə də ciddi zərər vurmuşdur və vurmaqda davam edir. Ermənistanın münbit torpaqlara, su hövzələrinə, atmosferə, meşə fonduna, flora və faunaya, mineral sərvətlərə və enerji mənbələrinə vurmuş olduğu zərər təkcə ölkəmizdə deyil, bütövlükdə regionda ekoloji tarazlığın pozulması ilə nəticələnmişdir. Bütün bunlar Ermənistanın ekoloji cinayətlər törətməsini, ekologiya və ətraf mühitlə bağlı qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini bir daha sübut edir. Lakin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların və beynəlxalq qeyri-hökumət təşkilatlarının Ermənistanın yaratmış olduğu qlobal təhlükə mənbəyi olan problemə susqunluq nümayiş etdirməsi bizdə dərin təəssüf hissi doğurur.


Ekoloji tarazlığın pozulması ilə nəticələnən cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması, bu sahədə mövcud beynəlxalq və milli qanunvericilik aktlarının tələblərinin hər bir dövlət tərəfindən icrasının təmin edilməsi qarşıda duran vacib problemlərdən biridir.


Lakin mövcud ikili standartlar, beynəlxalq təşkilatların susqunluğu və cəzasızlıq mühitinin hökm sürməsi Ermənistanın qlobal və regional ekoloji problemlərə səbəb olan cinayətlərini davam etdirməsinə rəvac verir. Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyidir. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilər. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcək. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Bununla Ermənistan yenə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını da kobud surətdə pozur. Ermənistanın da iştirakçısı olduğu bu konvensiyanın müddəalarına görə, iştirakçı dövlətlər öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.


Bundan əlavə, istismar müddətinin bitməsinə baxmayaraq, hələ də Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının (AES) yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün real təhlükə mənbəyi olduğunu xüsusilə qeyd etmək lazımdır.


Azərbaycan Ombudsmanı olaraq tərəfimdən hələ 2021-ci il 27 yanvar tarixində “Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə” Bəyanat qəbul edilmiş, beynəlxalq təşkilatlar Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan Yanacaq İdarəetməsinin Təhlükəsizliyi və Radioaktiv Tullantıların İdarə Edilməsi Təhlükəsizliyi” haqqında Birgə Konvensiyasının, habelə AŞPA-nın 2007-ci il tarixli, 1588 saylı qətnaməsinin müəyyən etdiyi tələblərə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görməyə çağırılmışdır.


Lakin Ermənistan beynəlxalq təşkilatların Metsamor AES-in fəaliyyəti ilə bağlı narahatlıqlarına belə əhəmiyyət verməmiş, bu stansiyanın fəaliyyətini 2026-cı ilə və ondan sonrakı müddətə qədər uzatmışdır.


Onu da qeyd edək ki, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının, o cümlədən Ley-Liçkivaz qızıl yataqlarının kimyəvi tərkibə malik sularının uzun illər ərzində transsərhəd çay olan Oxçuçaya axıdılması bölgədəki bütün su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərir ki, bu da insanların yaşamaq və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını birbaşa təhlükə qarşısında qoyur.


Ermənistanın su mənbələrini qərəzli şəkildə çirkləndirməsi faktlarından biri də əkinçilik üçün yararlı torpaqların suvarılmasını təmin edən Sərsəng su anbarıdır. Yeri gəlmişkən, Avropa Şurasının Parlament Assambleyasının 2016-cı il 26 yanvar tarixli, 2085 saylı qətnaməsində Sərsəng su anbarının texniki parametrlər baxımından uyğunsuzluğunun insanların həyat və sağlamlığı üçün potensial təhlükə yaratdığı, eyni zamanda, ciddi fəlakətlərə yol açacağı vurğulanmış, Ermənistanın hərəkətləri qlobal ekoloji problemlərə gətirib çıxaran təcavüz aktı kimi qiymətləndirilmişdir.


Aparılmış araşdırmalar onu göstərir ki, işğaldan azad olunmuş torpaqlarda məhv edilmiş ekosistemin bərpası üçün uzun illər və külli miqdarda vəsait tələb olunur. Ölkəmiz üçün aktual məsələyə çevrilən, çoxsaylı insan itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi yüz minlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə, eləcə də sülhə maneə yaradır.


Minalanmış ərazilərin, o cümlədən kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı mütəmadi şəkildə beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müraciətlər etsək də, əfsuslar olsun ki, Ermənistan hökuməti hələ də dəqiq mina xəritələrinin təhvil verilməsi istiqamətində hər hansı bir real addım atmır, müxtəlif bəhanələrlə bu işdən boyun qaçırır. Əksinə, beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmış və hazırda işğaldan azad olunmuş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirir, öz əməlləri ilə insanların həyat və sağlamlığına, o cümlədən ətraf mühitə ciddi təhlükə yaradır.


Bütün bunlar isə ilk növbədə Ermənistan Respublikasının tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiya və digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə də məqsədli şəkildə əməl etmədiyini bir daha sübut edir.


Azərbaycan Ombudsmanı olaraq, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını Ermənistanın törətmiş olduğu ekoloji cinayətlər nəticəsində yaranmış qlobal və regional ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və gələcəkdə bu kimi əməllərin təkrarlanmaması məqsədilə birgə qətiyyətli addımlar atmağa dəvət edirik".


Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətləri Ombudsman və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, xüsusilə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin Ətraf Mühit Proqramına, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə, Ətraf Mühitin Mühafizəsi Təşkilatına, Dünya Ətraf Mühit Mərkəzinə və BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisinə göndərilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.