“Gələn il Avropada enerji böhranı yarana bilər”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 31-də Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinə töhfə verir: “Bizim bu sahədəki əməkdaşlığımız ancaq iki ölkəni maraqlandırmır. Bu, qlobal əhəmiyyətli məsələdir”.
**
“Son həftələr ərzində İsveç və Danimarkada geniş vüsət alan Qurani-Kərimin yandırılması tamamilə qəbuledilməzdir. Biz bunu pisləyirik”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu, müsəlmanların hissləri ilə oynamaqdır: “Odur ki, bu hərəkət söz azadlığı kimi təqdim edilməməlidir. Hesab edirəm ki, sözügedən dövlətlərin hökumətləri bu barədə konkret addımlar atmalıdırlar”.
**
"İslam dövlətləri Qurana qarşı hücumlarla bağlı ortaq mövqe sərgiləməlidir".
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İslam ölkələri arasında bu mövzu ilə bağlı təmaslar davam edir: “Qurani-Kərimə qarşı hücumlarla bağlı mövqeyimizi tez-tez ortaya qoyuruq. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirləri bu gün onlayn toplantı keçirəcək. Bu məsələni geniş müzakirə edəcəyik. Biz bu məsələ ilə bağlı ortaq mövqe ortaya qoymalı, koordinasiyalı davranmalıyıq".
**
“Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərin normallaşması istiqamətindəki səyləri göz qabağındadır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, uzun illər İrəvanın işğalçılıq siyasəti buna mane olub: “2021-ci ilin yanvar ayında Azərbaycan Prezidenti bildirdi ki, biz düşmənçilik səhifəsini çevirməyə hazırıq. Bu, qalib dövlətin və qalib liderin atdığı addım idi. Azərbaycan, həmçinin Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşmasını dəstəkləyir".
**14:14
“Artıq Cənubi Qafqazda siyasi sabitlik üçün şərait yaranıb. Çünki Azərbaycan 30 illik işğala son qoyub”.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında müxtəlif platformalarda danışıqlar gedir: “Biz bu təmasları yaxından izləyirik. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası istiqamətində işlər görülür".
**
“Laçın yolu Azərbaycan torpağıdır. Azərbaycan nəyi lazım bilsə, onu da edə bilər”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ərazidən tibbi xidmət üçün keçidə şərait yaradılıb: “Azərbaycana qarşı ittihamlar əsassızdır”.
**
“Həmkarım Hakan Fidanla bugünkü görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması vacibdir və mühüm əhəmiyyət kəsb edir: “Ermənistan öhdəliklərinə zidd olaraq hələ də hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır, Zəngəzur dəhlizini açmır. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkmir”.
**
“44 günlük Vətən müharibəsi qardaşlıq münasibətlərimizin ən bariz nümunəsi idi”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Vətən müharibəsi başlayandan Türkiyənin dəstəyini hiss etdi: “Bu gün də işğaldan azad olunmuş ərazilərin bərpasında, sülh quruculuğu prosesində Türkiyə bizə dəstək verir".
Nazir bildirib ki, Zəngəzur dəhlizinin açılması artıq daha da aktualdır.
**
“Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq Azərbaycanla Türkiyə arasında əməkdaşlıq getdikcə güclənir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq da getdikcə dərinləşir.
**
“Növbəti dəfə Türkiyədə olmaqdan məmnunam. Azərbaycan daim Türkiyənin yanındadır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, təkbətək görüşdə tərəflər arasında əlaqələr müzakirə olunub.
C.Bayramov qeyd edib ki, Azərbaycan daim Türkiyənin yanındadır.
**
“Bir millət, iki dövlət" Azərbaycanla Türkiyənin tale birliyidir”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir: “Bugünkü görüşdə bu məsələləri, o cümlədən iqtisadi əlaqələrimizi müzakirə etdik”.
H.Fidan bildirib ki, Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir: "Beynəlxalq ictimaiyyət də bu məsələyə dəstək olmalıdır".
**13:53
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş başa çatıb.
Senzor.az xəbər verir ki, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olub.
Hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.
**13:25
Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başlayıb.
Senzor.az xəbər verir ki, H.Fidan C.Bayramovu qarşılayıb və səmimiyyətlə salamlayıb.
Hazırda nazirlər arasında təkbətək görüş keçirilir.
Nazirlər ikitərəfli əlaqələrin hazırkı durumunu, gələcək inkişaf perspektivlərini və regiondakı vəziyyəti müzakirə edirlər.
XİN başçıları görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın XİN başçısını qəbul edəcək.
**13:10
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri başlayıb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edərək məzarı önünə əklil qoyub.
**10:48
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.
Məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
Görüş dövlət başçısının iqamətgahında keçiriləcək.
**09:32
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.