Ermənilərin “humanitar TIR” şousu davam edir. Rəsmi İrəvanın Qarabağdakı erməni əhalinin guya “blokadada saxlanması” və “yolların bağlanması” məsələsini beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa hazırlaşdığı bir vaxtda ortaya diqqətçəkən iddialar atılır.
Belə ki, Ermənitsanın Xankəndiyə göndərmək istədiyi TIR-ların sürücülərinin SEPAH agenti olması ehtimalı gündəmə gəlib. Məsələ ondadır ki, rəsmi Tehran Bakı ilə münasibətləri normallaşdırmaq istəsə də nə regiona baxışı dəyişib, nə də Azərbaycana qarşı mövqeyi...
İran bundan öncə də dəfələrlə separatçılara yardım edib. Erməni işğalı dövründə Tehran Qarabağa həm narkotik ticarət məkanı, həm də çirkli pulların yuyulması üçün ofşor zona kimi baxıb. Bu baxımdan 44 günlük müharibə nəticəsində Azərbaycanın Qarabağda nəzarəti bərpa etməsinin ən çox İrana zərbə vurduğunu demək olar.
44 günlük müharibə sonrası Tehran separatçıların Qarabağda qalması üçün istər silah-sursat, istər kadr sarıdan, istərsə də maddi baxımdan dəstək göstərib.
Sonuncu belə hal 24 noyabr 2022-ci ildə yaşanıb. Həmin tarixdə Qarabağ ərazisinə 14 xarici ölkə vətəndaşının keçidi baş tutmuşdu.
Rəsmi Bakının araşdırmaları nəticəsində həmin şəxslərin İran vətəndaşları olduğu, 12-sinin ermənilərin sıx yaşadığı Xuzistan vilayətinin İzeh şəhərindən gəldiyi üzə çıxmışdı.
Bundan başqa, yenə 2022-ci ildə İran Ermənistana hava hücumundan müdafiə qurğuları vermiş, bunların Rusiya sülhməramlılarının icazəsi ilə Qarabağa keçirildiyi məlum olmuşdu.
Bütün bunları nəzərə aldıqda ermənilərin “humanitar TIR”larını sürən sürücülərin SEPAH agenti olması mümkündür.
Bu şəxslər heç də İran vətəndaşı olmaya bilərlər. Lakin bu da məlumdur ki, Ermənistan vətəndaşı olan minlərlə SEPAH agenti var. Və bu baxımdan həmin sürücülərin iranlı deyil, Ermənistan vətəndaşı - SEPAH agenti olması ehtimalı daha yüksəkdir.
Humanitar yüklərin Azərbaycana buraxılmaması fonunda əraziyə İran səfirliyinin əməkdaşının da gəlməsi diqqət çəkir. İran indiki məqamda həmin şəxsləri Xankəndiyə göndərərək üç əsas şeyə nail olmaq istəyir:
Birincisi, Xankəndidə və ümumilikdə regionda real vəziyyəti müəyyən etmək;
İkincisi, Xankəndi və ətraf ərazilərdəki separatçıları təşkilatlandırmaq;
Üçüncüsü, separatçılara təlim keçərək təxribat-diversiya və gerilla müharibələri üzrə yetişdirmək.
Turan Rzayev,
politoloq