Avqustun 2-də Rusiya gömrükçüləri Moskvanın Vnukovo hava limanında Amerika Universitetinin əməkdaşı, professor Akif İbrahimovu saxlayıblar. “Baza” xəbər verir ki, o, 100 min dollardan çox pulu qanunsuz olaraq Rusiyaya keçirməyə cəhddə ittiham olunur.
Senzor.az bildirir ki, söhbət 71 yaşlı azərbaycanlı Akif İbrahimovdan gedir. O, təyyarədən enəndən sonra yaşıl dəhlizdən keçib. Onun şəxsi əşyalarında bəyan etmədiyi nağd pullar aşkarlanıb.
Avqustun 14-də Arif İbrahimovun tutulması barədə Vnukovo gömrükçüləri polisə məlumat veriblər. O, bəyan edilməmiş vəsaitin yarısından iki qatına qədər cərimə ilə üzləşə bilər.
Hazırda müstəntiqlər yaşlı bir alimdə tapılan böyük miqdarda valyutanın mənşəyini öyrənmək istəyirlər.
Qeyd edək ki, professor Akif İbrahimov hələ sovet dövründə Azərbaycan Dövlət Neft Akademiyasında dosent, daha sonra Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda baş elmi işçi vəzifələrində çalışıb. 1987-ci ildən Rusiya Dövlət Neft və Qaz Akademiyasının professorudur. Azərbaycanın müstəqilliyi dövründə isə BP-Azərbaycan şirkətində baş mühəndis-tərtibatçı vəzifəsində işləyib.
2004-cü ildən bu günə qədər Texas Texnologiya Universitetinin professorudur.