“Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün kifayət qədər səy göstərir”.
Bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq, eləcə də regionda dayanıqlı sülhü təmin etmək üçün tarixi imkan yaranıb.
"Əlbəttə ki, sülhə nail olmaq məsələsində Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır. Həm Ermənistanın, həm də Azərbaycanın liderləri də bildiriblər ki, iki ölkənin ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır. Biz bunu ancaq dəstəkləyə bilərik”, – Belçikanın xarici işlər naziri deyib.
**18:15
“Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”.
Bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bugünkü görüş mühüm məsələlərin müzakirəsi üçün əla fürsətdir.
Görüş zamanı onlar ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. "Biz bu əlaqələrin dərinləşməsini istəyirik", - H.Lahbib əlavə edib.
O bildirib ki, Belçika iki ölkə arasında işgüzar əlaqələrin, eləcə də Azərbaycanda Belçika şirkətlərinin sayının artırılmasına tərəfdardır.
**17:37
"Belçikanın xarici işlər naziri Hadja Lahbiblə görüşdə Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə etdik".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda H.Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar.
C.Bayramov Zəngəzur dəhlizinin də Şərq-Qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.
"Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyaların açılmasının Ermənistanın öhdəliyi olduğunu diqqətə çatdırdım. Delimitasiya barədə həmkarıma məlumat verdim. Bildirdim ki, ötən 30 il ərzində delimitasiya imkanları mövcud deyildi və bunun mövcud olmama səbəbi Ermənistanın işğal siyasəti idi. Azərbaycan torpaqları işğaldan azad olunandan sonra bu məsələyə start vermək mümkün olub və bu istiqamətdə mühüm addımlar atılıb", - nazir vurğulayıb.
C.Bayramov söyləyib ki, görüş zamanı Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlər, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.
Nazirin sözlərinə görə, Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir: "2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 80 milyon dollar olub. Belçikada Azərbaycana 120 milyon, Azərbaycandan Belçikaya 250 milyon dollar investisiya qoyulub".
**16:30
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Belçikanın xarici işlər naziri Hadca Labibi arasında geniş tərkibli göpüş keçirilib.
Senzor.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycanla Belçika arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, regional vəziyyət müzakirə edilib.
**16:26
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi qəbul edib.
Senzor.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.
**15:02
Belçikanın xarici işlər naziri Hadca Labib Azərbaycanda rəsmi səfərdədir.
Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Xatırladaq ki, Belçika XİN başçısının regional səfəri avqustun 22-də başlayıb. Səfər çərçivəsində Gürcüstan və Ermənistan daha sonra Bakıya gəlib.
Nazirin bu gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə brifinqi olacaq.