Azərbaycanın yeniyetmələrdən ibarət cüdo üzrə milli yığma komandası 23-26 avqust tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Dünya çempionatının fərdi yarışlarında tarixi nəticə əldə edərək 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 8 medal qazanıb.
Senzor.az bildirir ki, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında Yaponiya, Gürcüstan, Özbəkistan, Fransa, Serbiya, İtaliya, Qazaxıstan və Braziliya kimi ölkələri geridə qoyaraq 1-ci yeri tutub. Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir.
Cüdoçularımız çempionatda oğlanlar arasında 7 çəki dərəcəsində təmsil olunublar və 6 çəki dərəcəsində turniri müxtəlif əyarlı medalla başa vurublar ki, bu da komandamız üçün özünəməxsus rekorddur.
Çempionatın ilk günündə cüdoçularımız yüksək performans nümayiş etdirərək 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə etdilər. Oğlanlar arasında -50 kq. çəki dərəcəsində cüdoçularımız Nihad Məmişov qızıl medal, Məhəmməd Məmişov gümüş medal qazanıb. -55 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Mirxaliq İskəndərov çempionatın bürünc medalına sahib olub.
Yarışın ikinci günü qızlar arasında -52 kq. çəkidə mübarizə aparan Xədicə Qədəşova gərgin final görüşündə Fransa təmsilçisi Alisya Pulancı məğlub edərək Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.
Oğlanlar arasında -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Əbil Yusubov komandamızın aktivinə gümüş medallar yazdırıblar.
Yarışın üçüncü günündə -73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Süleyman Şükürov yarışın bürünc medalına sahib olub.
Fərdi yarışların sonuncu günündə isə +90 kq. çəki dərəcəsində Ramazan Əhmədov çempionatın bürünc medalını qazanıb.