Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan “təhlükəsizlik şurası”ndakı müzakirələrin nəticələrini Xankəndidə meydana toplaşmış ermənilərə təqdim edib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
A.Arutyunyan bildirib ki, “iclas”da Azərbaycan bayrağını təhqir etdikləri üçün “Laçın” postunda tutulan 3 erməni, çörək məsələsi, eləcə də özünün mümkün istefası müzakirə olunub.
Separatçıların başçısı hətta orada toplaşanlara söz verib ki, “çörək problemi” bir neçə günə həll olunacaq.
Qeyd edək ki, ötən gecə Arutyunyan son vəziyyətlə bağlı “tş üzvləri” ilə görüş keçirib. Görüş 6 saat davam edib. “İclas” müddətində erməni sakinlər meydana toplaşaraq, hansı qərarən veriləcəyini gözləyiblər.
**01:26
Xankəndidə etirazçılar arasında gərginlik artır, insanlar “təhlükəsizlik şurası” adlanan binanın yaxınlığında toplaşıb, eyni adlı qurumun saat 21:00-da başlayan iclasının nə vaxt başa çatacağını və ən əsası nə qərar qəbul edəcəyini gözləyirlər.
Senzor.az bildirir ki, eyni vaxtda İrəvanda təhlükəsizlik qüvvələri etirazçıların Rusiya səfirliyinə daxil olmasına mane olurlar. Xatırladaq ki, orada avqustun 28-də səhər saatlarında Xankəndidən Ermənistana getmək istəyən, lakin “Laçın” sərhəd -keçid məntəqəsində Azərbaycanın müvafiq qüvvələri tərəfindən saxlanılan və sonradan məhkəmə tərəfindən barələrində həbs qərarı çıxarılan 3 tələbənin azad edilməsi üçün tədbirlərin görülməsi tələbi ilə aksiya keçirilir.
**23:58(28.08.2023)
Xankəndidə yaşayan erməni əsilli sakinlər şəhərin "İntibah" adlandırdıqları meydanına toplaşıblar.
Senzor.az bildirir ki, onlar qondarma respublikada yaranmış guya ağır situasiya ilə əlaqədar vəziyyətə aydınlıq gətirilməsini istəyir və “Milli Şura”nın bununla bağlı verəcəyi qərarı gözləyirlər.
Bu arada separatçıların lideri Araik Arutyunyan toplaşanların qarşısına çıxıb.
Etirazçıların bəziləri onu Azərbaycanla gizli razılaşmalarda ittiham ediblər.
O isə heç bir razılaşmanın olmadığını bildirib və meydandan canlı yayımı dayandırmağa çağırıb.