Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb.
Senzor.az bildirir ki, humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, avqustun 21-də Cəmiyyətin İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalayıblar:
“Bəyanatımızın da fəlsəfəsinə görə məqsəd irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Sözügedən bəyanatdan sonra biz bu məsələləri icraya yönəltmişik və hazırda humanitar yardımımız göndərilir. Qırmızı Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcəklər”.
“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”, - deyə təşkilatın rəhbəri əlavə edib.