Türkiyə tezliklə öz hava hücumundan müdafiə (HHM) sistemlərini satmağa başlayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hərbi akademiyada çıxış edərkən deyib.
“Daha əvvəl öz istehsalımız olan “Siper” hava hücumundan müdafiə sistemimizi uğurla sınaqdan keçirmişik. Tezliklə biz müxtəlif bəhanələrlə bu sistemləri bizə satmayanlara öz HHM sistemimizi satan ölkəyə çevriləcəyik”, - deyə o, ABŞ ilə “Patriot” sistemlərinin alışı ilə bağlı uzun sürən və nəticəsiz qalan danışıqlara eyham vuraraq bildirib.
“Siper” istənilən hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş uzun mənzilli zenit-raket kompleksidir.
“Müdafiə sənayemiz ölkəmizi yüksək liqaya çıxarıb. Bu ilin sonuna kimi yerli istehsalımız olan “Kaan” beşinci nəsil qırıcısının ilk uçuşunu da görəcəyik. “Bayraktar Kizilelma” pilotsuz uçuş aparatının sınaqlarını başa çatdırmaq və onu ordunun arsenalına qatmaq istəyirik”, - Ərdoğan vurğulayıb.
O, həmçinin əlavə edib ki, Türkiyə güclü və müasir orduya sahib olmaqdan imtina edə bilməz.