Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdiriblər.
Sual yaranır: Ermənistan silahlı qüvvələri nə üçün birdən-birə Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələrinə atəş açdı?
Hesab edirəm iki nüans mövcud təxribatları anlamaq, habelə yuxarıda qeyd etdiyim suala cavab tapmaq üçün ipucu verir:
Birincisi, Azərbaycan Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərdi. Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə bu istiqamətdə danışıqlar aparıldı.
İkincisi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır” dedi.
Məhz bundan sonra Ermənistanın Azərbaycanla şərti dövlət sərhəddində vəziyyət gərginləşdi. Görünən odur ki, hər iki məqam Ermənistanı və onun havadarlarını ciddi şəkildə narahat edib.
Azərbaycan Laçın yolunda nəzarət buraxılış məntəqəsi quraraq faktiki olaraq Ermənistan və separatçılar üçün əsas həyatı yolunu nəzarətə götürdü. Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yüklərin daşınmasını təklif edərək isə alternativ bir yol irəli sürdü. Lakin ermənilər üçün digər bir həyati yol daha var. Söhbət Ağdərə-Kəlbəcər yolundan gedir. Hansı ki, bu yolla Ağdərəyə, oradan isə Xankəndiyə getmək olur. Bundan başqa bu yol həm də Kəlbəcərə gedən əsas yol hesab edilir.
Görünən odur ki, rəsmi İrəvan Bakının növbəti hədəf kimi Ağdərə-Kəlbəcər yolunu nəzarət götürmək istəyəcəyini bilib və bunun qarşısını alamq üçün təxribatlara başlayıb.
Hesab edirəm, mövcud təxribatlardan istifadə edib Ağdərə-Kəlbəcər yolunu nəzarətə götürüb Zod aşırımında post qurmalıyıq. Beləliklə, Basarkeçərdən Ağdərəyə, oradan da Xankəndiyə gedən yol da nəzarətimizə keçmiş olar. Buna nail olsaq separatçılar üçün son nəfəslik də bağlanacaq.
Turan Rzayev,
politoloq