Ukrayna Prezidenti Volodimir Zelenski Oleksi Reznikovu müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldiyini və onun yerinə Rustem Umerovun təyin edilməsini təklif etdiyini bildirib.
Senzor.az bildirir ki, bu barədə Zelinski Teleqram kanalındakı videomüraciətində danışıb.
"Ukraynanın müdafiə nazirini dəyişdirmək qərarına gəldim. Hesab edirəm ki, nazirliyin həm ordu, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. Nazirliyə Rustem Umerov rəhbərlik etməlidir. Ukrayna Ali Radası bu şəxsi yaxşı tanıyır və onun əlavə təqdimata ehtiyacı yoxdur. Parlamentin onun namizədliyini dəstəkləyəcəyini gözləyirəm”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, 41 yaşlı Rüstəm Ənvər oğlu Umerov 2019-cu ildən Ukrayna Ali Radasının xalq deputatıdır. Siyasətçi həmçinin Krım Tatar Milli Qurultayının nümayəndəsi olub. O, 2007-ci ildən Mustafa Əbdülcəmil Qırımoğlunun müşaviridir.
Əsli Krımın Aluşta şəhərindən olan Umerov Özbəkistanın Səmərqənd vilayətinin Bulunqur şəhərində doğulub. Umerovlar ailəsi 1944-cü ildə Krımdan Mərkəzi Asiyaya sürgün edilənlərdəndir. Daha sonra Umerovlar ailəsi doğma yurdlarına qayıda bilib. Rüstəm Umerov əslən Krım tatarıdır və müsəlmandır.
Ailəlidir, 2 övladı var.