Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinə səfər edib və orada hərbçilərlə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Zelenski Teleqram səhifəsində məlumat verib.
Bildirib ki, səfər zamanı Donetsk əməliyyat-taktiki qrupunun tərkibində Ukraynanı müdafiə edən briqadalarla görüşüb.
“Vacib hesabatlar, problemli məsələlər, artırılmalı olan tədarüklər, briqadaları təmin etmək üçün köməkçi idarəetmə sisteminin yaradılması, əsgərlərimizin motivasiyasının artırılması məsələlərini müzakirə etdik”, - deyə Zelenski yazıb.
O, komandirlər də daxil olmaqla səkkiz briqadanın əsgərləri ilə problemli məsələlərdən danışıb. Briqada komandirləri ən çox PUA-lara və dron əleyhinə silahlara artan ehtiyacı, bölmələrin qeyri-kafi ştat cədvəlini və müəyyən növ sursatların çatışmazlığını xatırladıblar.
Eyni zamanda, Zelenski və hərbçilər idarəçilik funksiyalarını öz üzərinə götürəcək və komandirlərin döyüş işləri üçün vaxtını uzadacaq briqadalar üçün köməkçi dəstək sisteminin yaradılmasını müzakirə ediblər.
Səfər zamanı Volodimir Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadaları Komandanlığı Birliyinin Mariupolun müdafiəsini həyata keçirən 36-cı əlahiddə dəniz piyada briqadasının komandirini Ukrayna Qəhrəmanı adına layiq görüb. Həmçinin şəxsi şücaət göstərmiş hərbçilər “Boqdan Xmelnitski” I-III dərəcəli, “İgidliyə görə” III dərəcəli və “Şahzadə Olqa” III dərəcəli ordenlərlə təltif edilib.