Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023“ beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib.
Senzor.az bildirir ki, Bakı Konqres Mərkəzində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşü öz işinə başlayıb.
Görüşün keçirilməsində məqsəd təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsidir.
Günün ikinci yarısında isə Ələt qəsəbəsində “Bakı 2023” beynəlxalq təlimi keçiriləcək.