Beynəlxalq Qızıl Xaç: HUMANİZM MASKALI MƏKR, YALAN VƏ CASUSLUQ...
ELÇİN ALIOĞLU YAZIR

Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu ağırtonnajlı yük maşınının Ağdam-Xankəndi yolu ilə Xankəndiyə keçidi gecikir.

 

Xankəndidə yaşayan ermənilər üçün nəzərdə tutulan yardımla yüklənmiş həmin maşın hələ ki, Bərdə rayonunda dayanır.

 

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

 

Rusiya Federasiyasının təşəbbüsü təqdirə layiqdir - qarabağlı ermənilər "blokada, aclıq, humanitar fəlakət" isteriyasını davam etdirsələr də, kollektiv Qərbdən dəstək alsalar da, bölgədəki proseslərin məcrasında köklü dəyişikliklər yaranıb.

 

Azərbaycan öz ərazisində separatizmə bundan sonra da dözmək, Xankəndidəki terrorçu xuntanın fəaliyyətini laqeyd izləmək niyyətində deyil.

 

Rusiya da təbii ki, bəhs etdiymiz situasiyada geosiyasi mənfəətlər əldə etmək, bölgədəki təsir imkanlarını gücləndirmək üçün humanitar missiyaya başlamaq fikrinə düşüb.

 

Lakin qarabağlı ermənilər dünən gecə aldıqları "qəfil" təlimatdan sonra yenidən bəyan ediblər ki, fikirlərini dəyişiblər, Ağdam-Xankəndi yolu ilə humanitar yüklü maşınları, o cümlədən Rusiya Qızıl Xaç Komitəsinin yolladığı avtomobili buraxmaq niyyətində deyillər.

 

Aydındır ki, qarabağlı ermənilər bunu Qərbin bilavasitə təzyiqindən sonra ediblər. 

Bölgədə sülhün əldə olunmasını istəməyən, ikili standartlardan çıxış edən Qərb Beynəlxalq Qızıl Xaç Komitəsinin əli ilə öz siyasi maraqlarını həyata keçirməyi planlaşdırır.

 

Avropa İttifaqı rəhbərliyinin, xüsusilə də bir sıra avroməmurların bölgədəki proseslərlə bağlı son günlərdə yaydıqları ziddiyyətli, qarışıq bəyanatlar da bəhs etdiklərimizə dəlalət edir.

 

Məsələn, Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrelin "Ağdam-Xankəndi marşrutu Laçın yoluna alternativ sayıla bilməz" açıqlaması kimi.

 

Beynəlxalq Qızıl Xaç Komitəsi isə səlahiyyətlərini və vəzifələrini bilavasitə yerinə yetirmək əvəzinə subyektivizmlə pərdələnmiş qərəzli, hətta məkrli fəaliyyətini gerçəkləşdirməklə məşğuldur.

 

BQXK artıq mimikriyaya son qoyaraq sırf humanitar fəaliyyətlə yox, daha çox Qərbin bəlli dövlətlərinin və təşkilatlarının göstərişləri əsasında hərəkət etdiyini nümayiş etdirir.

 

BQXK qarabağlı ermənilərin indiki qeyri-müəyyənlik, səfalət və ümidsizlik vəziyyətindən qurtularaq Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, bölgədə sülhün və dayanıqlı stabilliyin bərqərar olmasına dəstək olmaq əvəzinə, Qərbin maraqlarını reallaşdırmağa, Azərbaycanla diqtə və əmr lüğəti ilə danışmağa cəhd göstərənlərin göstərişlərini yerinə yetirməklə məşğul olan marionetə çevrilib.

 

BQXK-nı idarə edən dövlətlər arasında, məlum, Fransa və İsveçrə xüsusi yer tuturlar. Ermənistanı tam dəstəkləyən, ermənilərin aqressiv və şovinist ritorikasını, ərazi iddiaları və etnik-dini dözülməzlik üzərində köklənmiş ideologiyalarını məqbul sayan rəsmi Paris məntiqlə, Ağdam-Xankəndi marşrutu ilə humanitar yüklərin daşınmasına tərəfdar olmalıdır.

 

Amma yox - Parisi ermənilərin rifahı, durumu və ya vəziyyəti qətiyyən maraqlandırmır.

 

Fransanın hakimiyyət dairələri Ermənistandan və qarabağlı ermənilərdən bölgədəki geosiyasi maraqlarının təminatı üçün alət qismində istifadə edirlər.

 

BQXK hazırda Ermənistanda qanunsuz saxlanan iki azərbaycanlı əsgərin azad edilməsi üçün zərrə qədər fəaliyyət göstərmədiyi halda Xankəndidəki separatçı rejimi dəstəkləyən, RSK-nın nəzarət arealında yaşayan erməniləri əməlləri ilə dəstəkləyir. 

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları arasında yer alan Fransa və Livan vətəndaşlarının da fəaliyyətini unutmamalıyıq.

 

Belə ki, bəhs etdiyimiz Livan vətəndaşlarının Azərbaycanda dövlət və hərbi sirr kəsb edən məlumatları toplamağa cəhd etdikləri iddia olunur.

 

Onu da xatırladaq ki, 44 günlük İkinci Qarabağ Müharibəsi günlərində BQXK ordumuzun Fizuli istiqamətində hücuma keçməsinə maneələr yaratmağa çalışmışdı. Olmaya beynəlxalq təşkilat həmin vaxt erməni hərbi birləşmələrə vaxt əldə etməyə, ehtiyat qüvvələri döyüş bölgəsinə gətirməyə imkan yaratmağa çalışırdı?

 

BQXK-nın Xankəndidəki ofisi bütün beynəlxalq qanunlara, elə təşkilatın öz nizamnaməsinə və Azərbaycan qanunvericiliyinə görə, qurumun Bakıdakı ofisinə tabe olmalı olduğu halda, təşkilatın İrəvandakı nümaynədəliyinin tabeçiliyindədir.

 

Bu nədir: hüquqi bisavadlıq, bilərəkdən qəbul edilmiş qərar, yoxsa Azərbaycana sayğısızlıq?

 

Məlum Gəncə hadisələri zamanı BQXK Gəncədə saxlanmış şəxslərə baş çəkərək onlara Fransanın Bakıdakı səfirliyinə yardım müraciəti ünvanlanmağı məsləhət görmüşdülər: bu, Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdi sayıla bilərmi?

 

BQXK-nın avtomobili ilə Xankəndidən Ermənistana "təcili, təxirəsalınmaz tibbi yardıma, müayinəyə və müdaxiləyə ehtiyac duyan şəxs" qismində yollanmaq istəyən qarabağlı erməni orta hesabla 1500-2000 dollar ödəniş etməlidir.

 

Blokadada olduqlarını iddia edən, qıtlıq çəkdiklərini, ərzaq məhsuları, yanacaq və dərman preparatları çatışmazlığı ilə üzləşdiklərini vurğulayan qarabağlı ermənilərin yaşamı sübut edir ki, bəhs etdiklərinin, iddialarının istisnasız olaraq hamısı yalandır.

 

Rusiyalı sülhməramlılarla kooperasiyaya girən, hətta bəzi hallarda ortaq biznes quran Xankəndidəki separatçı rejim üzdəniraq əməkdaşlığa BQXK-nı da cəlb edib.

 

Belə olan halda təbii ki, normal yaşamlarını davam etdirən qarabağlı ermənilərin separatçı lideri hər hansı formada Azərbaycana reinteqrasiyaya qarşı çıxır, mövqelərimizin atəşə tutulması barədə əmrlər verirlər.

 

Eyni zamanda, BQXK Qərbin bəlli strukturlarının maraqlarının təminatı üçün “zərurət yarananda” agentura, kəşfiyyat fəaliyyəti ilə də məşğul olur.

 

Hazırda Bərdədə otelin yanında dayanmış humanitar yüklü avtomobilin Ağdam-Xankəndi yolu ilə hərəkət etməməsi də təşkilatın siyasi məqsədlər üçün çalışdığını göstərir.

 

Daha dəqiq olsaq, Beynəlxalq Qızıl Xaç Komitəsi zahirən qarabağlı ermənilərə humanitar yardımların çatdırılması prosesinə başlanmasını dəstəkləsə də, mahiyyət etibarilə prosesə var gücü ilə mane olaraq əngəllər yaradır. Bu azmış kimi BQXK Rusiyanın Qızıl Xaç Komitəsinə də təzyiqlər göstərərək Ağdam-Xankəndi marşrutunun indiki qeyri-işlək vəziyyətdə qalmasına can atır. 

Beynəlxalq Qızıl Xaç Komitəsi deyəsən, emblemindəki qızıl xaçı səlib yürüşləri dönəmlərindəki tampilyerlər ordeninin qırmızı xaçı ilə səhv salıb.

 

Humanitar fəaliyyət səlibçilik deyil.

 

Casusluq, təxribat, siyasi məqsədlər üçün çalışmaq deyil.

 

Məkr, yalan və üstəlik, Bakıya təzyiq cəhdi deyil.

 

Beynəlxalq Qızıl Xaç Komitəsi bunu anlayırmı?






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.