Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, Qarabağ məsələsi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklif edib.
Senzor.az bildirir ki, dövlət başçısı bunu BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında deyib.
“Hazırda bizim prioritetlərimiz üçtərəfli formatda danışıqlar aparmaqdır. Amma biz dördtərəfli formatda görüşməyi də təklif etmişik. Yəni, regiona heç bir aidiyyəti olmayan liderlərlə yox. Mən dedim ki, gəlin dördtərəfli görüş keçirək, yəni Rusiya Prezidenti cənab Vladimir Putin, Azərbaycan Prezidenti cənab İlham Əliyev, mən və Ermənistanın baş naziri Nikol Paşinyan. Və müvafiq addımlar ataq”, - Türkiyə lideri bildirib.
Prezident qeyd edib ki, hazırda bu təklifə nə müsbət, nə də mənfi cavab verilməyib.
Ərdoğan həmçinin vurğulayıb ki, o, Azərbaycan lideri ilə bu məsələni bir daha müzakirə edəcək, konkretləşmələr aparacaq və hadisələrin gedişatını yaxından izləyəcək.
Senzor.az