Burkina Faso, Mali və Niger Sahel bölgəsində kollektiv müdafiə təşkilatı yaratmaq üçün nizamnamə imzalayıblar.
Senzor.az bildirir ki, bu barədə Malinin müvəqqəti Prezidenti Assimi Qoita məlumat verib.
Nigerin hərbi rəhbərliyi təşkilatın yaradılmasına dair sənədlərin imzalanmasını alqışlayıb.
Niger Prezident Administrasiyasının “X” hesabında yerləşdirilən məlumatda deyilir: “Biz birlikdə dinc, firavan və vahid Sahel quracağıq”.
Liptako-Qurma tarixi zonası Burkina Faso, Mali və Nigerin sərhəd bölgələrində yerləşir. Hazırda onun ərazisində radikal silahlı qruplar fəaliyyət göstərir.
Senzor.az xatırladır ki, təşkilatın yaradılması barədə qərar Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə Mali, Burkina Faso və Niger nümayəndələri arasında aparılan danışıqlar fonunda qəbul edilib. Belə ki, sentyabrın əvvəlində müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun başçılığı ilə Rusiya hərbçiləri Burkina-Fasoya səfər ediblər. Dövlət başçısı İbrahim Traore ilə danışıqlar zamanı hərbi-texniki əməkdaşlıq, o cümlədən Burkina-Faso hərbçilərinin, eləcə də pilotların Rusiyada təlim keçməsi müzakirə olunub.
Mali televiziyası isə xəbər verib ki, sentyabrın 16-da Yevkurov Mali Prezidenti Assimi Qoita və Nigerin müdafiə naziri Salifa Modi ilə qapalı danışıqlar aparıb.