İrəvanda Hökumət banası yaxınlığında etiraz aksiyası davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, polis müxalif “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyana və onun tərəfdaşlarına Respublika meydanında çadır qurmağa icazə vermir.
Polis əvvəllər qurulmuş çadırları söküb, bundan sonra etirazçılarla polis əməkdaşları arasında toqquşma və dava olub. Qarşıdurma nəticəsində 34 nəfər xəsarət alıb. Onlardan 16-sı polis əməkdaşları, 18-i isə mülki şəxslərdir.
Bundan əvvəl Tevanyan baş nazir Nikol Paşinyanın istefası uğrunda 24 saat mübarizə aparmaq üçün Respublika meydanında çadır qurmaq niyyətində olduğunu bildirmişdi. Paralel olaraq siyasi qüvvələr parlamentdə Paşinyanın impiçmenti prosesinə start verirlər.
Qeyd edək ki, etirazçılar hökumət binasının qarşısına Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirlərə başlaması barədə xəbər yayıldıqdan dərhal sonra toplaşıblar.
**21:25 (19.09.2023)
Ermənistanda hökumət binası yaxınlığında Qarabağdakı vəziyyətlə bağlı aksiya keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, meydana xeyli adam toplaşıb. Aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndirir, Qarabağda hazırkı vəziyyətə görə ölkə rəhbərliyini və şəxsən baş nazir Nikol Paşinyanı günahlandırırlar.
Aksiyadan paylaşılan görüntülərdən bəlli olur ki, etirazçılarla polis arasında toqquşmalar yaşanır. Bəzi ekspertlər vəziyyətin nəzarətdən çıxacağını və iğtişaşlara çevriləcəyini istisna etmirlər. Yeri gəlmişkən, şəhərdəki gərginliyin artıq partlayışlarla müşayiət olunduğu bildirilir.