Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb.
Bildirilib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.
Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.
Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
**13:23
Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb.
Senzor.az xatırladır ki, görüş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə keçirilib.
**11:36
Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.
Senzor.az-ın məlumatına görə, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.
Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.
**10:12
Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər.
"Report"un məlumatına görə, onları Azərbaycan polisi və Rusiya sülhməramlıları müşayiət ediblər.
Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.
**09:44
Qarabağın erməni icmasının nümayəndələri Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax rayonuna gəlirlər.
“Report”un məlumatına görə, onları Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları və Azərbaycan Dövlət Yol Polisinin əməkdaşları müşayiət edirlər.
Xatırladaq ki, Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.