Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbul Atatürk Hava Limanında təhlükəsizlik iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, toplantıda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya, Baş Qərargah rəisi general Metin Gürak, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Fəxrəddin Altun, Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri Haluk Görgün, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç və AK Parti Sədrinin müavini və partiya sözçüsü Ömer Çelik iştirak ediblər.
1 saat 15 dəqiqə davam edən iclasda Türk Aviasiya və Kosmik Sənaye Səhmdar Cəmiyyətinin (TUSAŞ) Ankaranın Kahramankazan rayonundakı kampusuna qarşı terror hücumu və terrorla mübarizə məsələləri müzakirə edilib.
**18:41
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, Prezident Təhlükəsizlik Şurasının iclasını İstanbulda Atatürk Hava Limanında keçirəcək.
Qeyd edək ki, R.T.Ərdoğan BRICS sammitində iştirak etmək üçün getdiyi Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazandan İstanbula geri dönüb.