Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜATLAR
BAXIŞ BUCAĞI

Fransanın Yaxın Şərqdəki ekstremist, terrorçu və silahlı qruplaşmalarla gizli əlaqələri uzun illərdir müzakirə və tədqiqatların mövzusudur.

 

Fikrimizcə, Fransanın xüsusi xidmət orqanlarının Livan, Fələstin, Suriya və İsraildəki fəaliyyətlərinə nəzər salaraq hadisələri, adları, qruplaşmaları və əməliyyatları detallı şəkildə təhlil etməyin vaxtı çatıb.

 

... 2020-ci ilin yayında Beyrut limanında baş verən dağıdıcı partlayışdan qısa müddət sonra, Fransanın Livandakı maraqlarını qorumaq məqsədilə gizli bir razılaşma əldə olunmuşdu. Bu razılaşmanın təfərrüatları ilk dəfə olaraq Fransa mass-mediası və İsrail nəşrləri tərəfindən ictimaiyyətə açıqlanmışdı. Fransanın Yaxın Şərq üzrə tanınmış analitik jurnalisti Jorj Malbruno bu razılaşmanın mahiyyətini açıqlayaraq, Parislə Livanın güclü və təsirli təşkilatlarından biri olan "Hizbullah" arasında siyasi bir oyun oynandığını iddia edir. Bu oyun Fransanın böyük strateji hədəflərindən biri olan Beyrut limanının gələcəyi ilə bağlıdır.

 

Bəhs olunan dövrdə, Fransanın prezidenti Emmanuel Makronun Livana etdiyi səfərlər və onun Beyrutdakı partlayışla bağlı fəaliyyəti xeyli müzakirə olunmuşdu. Ancaq Malbrunonun iddiasına görə, bu səfərlər yalnız humanitar məsələlər ətrafında deyildi. Xüsusilə, Makronun Livana etdiyi səfərlərdə "Hizbullah"ın silahları haqqında danışmamaqla bağlı verdiyi vədlər ciddi nəticələrə səbəb olmuşdu. Jurnalist qeyd edir ki, Makron "Hizbullah"ın silah gücünü müzakirədən uzaq tutmaqla, əvəzində Fransanın maraqlarına uyğun nəticələr əldə etmək istəyirdi.

 

Bu kontekstdə əsas hədəflərdən biri Beyrut limanı ilə bağlıdır. Partlayışdan sonra limanın böyük bir hissəsi sıradan çıxmış, ölkənin iqtisadi gücü ciddi şəkildə zəiflədilmişdi. Lakin limanın strateji əhəmiyyəti öz qüvvəsində qalırdı. Bunu nəzərə alaraq, Fransa limanın bərpasında birbaşa rol oynamağa cəhd edirdi. Beyrut limanı Livanın iqtisadi sistemində mühüm rol oynayırdı; partlayışdan əvvəl, bu liman ölkənin təxminən 60% idxalının, eləcə də 70% gömrük gəlirlərinin mənbəyi idi. Bu limanın fəaliyyətə yenidən başlaması həm iqtisadi, həm də strateji baxımdan mühüm bir addım sayılırdı.

 

Məhz bu vəziyyətdə Fransa ilə "Hizbullah" arasında əldə edilən gizli razılaşma daha da maraqlı görünür. Malbrunonun iddiasına görə, Makronun diplomatik jestləri "Hizbullah"ın gözlədiyi addımlar olub. Bu kontekstdə Fransanın dəniz daşımaları üzrə nəhəng şirkəti "CMA CGM Group"un Livan bazarına çıxışı təmin edilmişdi. Şirkətin sahibi olan Rodolf Saade Livan mənşəli bir biznesmen olaraq, öz maraqlarını qorumağa çalışırdı. Saade həm də Makronu Livana səfəri zamanı müşayiət edirdi və onun Livanla bağlı maraqlarını gücləndirməyə çalışırdı.

 

Xüsusi olaraq qeyd etmək lazımdır ki, "CMA CGM Group" Beyrut limanında böyük bir tenderə qatılaraq partlayışdan zərər çəkmiş konteyner terminalının bərpası və infrastrukturun genişləndirilməsi üzrə layihəni qazanmışdı. Şirkətin bu prosesə daxil olması təkcə iqtisadi deyil, həm də siyasi əlaqələrin nəticəsi olaraq qiymətləndirilir. Şirkət Beyrut limanına böyük maliyyə resursları ayıraraq müasir infrastrukturun qurulmasına və zəruri avadanlıqların təmin edilməsinə kömək etmişdi. Saade bu prosesdə Fransa hökumətinin dəstəyi ilə ciddi rol oynayaraq, həm iqtisadi mənfəət, həm də Livanla əlaqələrin möhkəmləndirilməsini təmin etmişdi.

 

Malbruno bu prosesin arxa planda olan digər təfərrüatlarına da işıq salır. O, Saadenin Livanın nəqliyyat naziri olan və "Hizbullah"a yaxınlığı ilə tanınan Əli Hamiyanı öz şəxsi təyyarəsində Marselə uçmağa dəvət etdiyini iddia edir. Bu cür təkliflərin və razılaşmaların arxasında ciddi maraqların olduğu aydın görünür. Fransa Beyrut limanını nəzarətə götürməklə Livanın iqtisadi gələcəyinə birbaşa təsir etmək və regiondakı strateji mövqeyini gücləndirmək niyyətindədir.

 

Beləliklə, bu razılaşma və tenderin qazanılması sadəcə ticarət layihəsi kimi görünməməlidir. Burada geosiyasi maraqlar, siyasi qüvvələrin balansı və iqtisadi təsir vasitələri bir-biri ilə sıx əlaqəlidir. Beyrut limanı Livanın iqtisadi nəbzi olmaqla yanaşı, regionda geniş təsir gücünə malik olan "Hizbullah"ın da maraq dairəsindədir. Buna görə də, bu cür razılaşmalar həm Livan daxilində, həm də beynəlxalq arenada diqqətlə izlənilən proseslərdir. Fransa öz iqtisadi və siyasi maraqlarını Livan üzərində qoruyaraq, eyni zamanda regionda təsir dairəsini genişləndirmək üçün yeni yollar axtarmağa davam edir.

 

Fransanın Yaxın Şərqdəki "tarixi" rolu

 

Fransa Yaxın Şərqdə uzun müddətdir ki, müstəmləkəçi siyasət yürüdüb və bölgədə təsir dairəsini genişləndirmək üçün müxtəlif silahlı qruplarla əməkdaşlıqlar qurub. Xüsusilə Livan və Suriyada keçmiş müstəmləkə dövründən qalma əlaqələr bu gün də xüsusi xidmət orqanlarının fəaliyyətinə yol açır. Fransanın gizli kəşfiyyat fəaliyyətləri əsasən iki istiqamətə yönəlib: DGSE (Direction Générale de la Sécurité Extérieure - Xarici Təhlükəsizlik Baş İdarəsi) və DCRI (Direction Centrale du Renseignement Intérieur - Daxili Kəşfiyyat Baş İdarəsi).

 

Livan və "Hizbullah"

 

Fransanın Livandakı xüsusi xidmət orqanları ilə ən diqqət çəkən əməkdaşlıqlarından biri "Hizbullah"la olan dolayısı əlaqələrdir. "Hizbullah"ın Livanın cənubundakı fəaliyyətləri 1980-ci illərdə Fransanın burada kəşfiyyat əməliyyatlarına başlama səbəblərindən biridir. Fransanın 1983-cü ildə Beyrutdakı sülhməramlı missiyasının terror hücumlarına məruz qalması və həmin hücumun arxasında Hizbullahın dayandığı iddia edilsə də, bir sıra mənbələrə görə, Fransa Hizbullahla gizli danışıqlar aparıb. Fransanın tanınmış antiterror hakimlərindən biri Jan-Lüi Brügie (Jean-Louis Bruguière)1980-ci illərdə Livandakı "Hizbullah"la Fransanın danışıqlar apardığını açıqlayıb. Bu əlaqələr Fransanın Yaxın Şərqdəki maraqlarını qorumaq məqsədilə müxtəlif dövrlərdə istifadə olunub.

 

Fransanın Suriyadakı əməliyyatları

 

Fransanın Suriya ilə bağlı xüsusi xidmət əməliyyatları uzun tarixə malikdir. DGSE 2000-ci illərdə Suriya ilə Fransa arasında artan gərginlik fonunda, xüsusən də 2011-ci ildə Suriya vətəndaş müharibəsinin başlamasından sonra, müxtəlif müxalif qruplarla əməkdaşlıq etməyə başladı. Suriya müxalifətinə dəstək verən Fransanın "Tigre" kod adlı əməliyyatının məqsədi, Əsəd rejiminə qarşı döyüşən qruplara maddi və kəşfiyyat dəstəyi göstərmək olub. 

 

Məlumatlara görə, Fransa xüsusi xidmət orqanları "Ceyş əl İslam" kimi silahlı qruplaşmalara kəşfiyyat məlumatları verərək onları dəstəkləyib.

 

Fransanın Suriya ilə bağlı digər əhəmiyyətli kəşfiyyat əməliyyatlarından biri də 2013-cü ildə Dəməşq yaxınlığında baş verən kimyəvi silah hücumları ilə bağlıdır. Fransa bu hücumların Əsəd rejimi tərəfindən həyata keçirildiyini bildirsə də, bəzi mənbələr Fransanın birbaşa kimyəvi hücumları ilə əlaqəli olan silahlı qruplara, o cümlədən "Cəbhətül əl Nüsra" ("Əl Nüsra Cəbhəsi") ilə dolayısı yolla əlaqə qurduğunu iddia edir.

 

Fələstindəki şəbəkələr

 

Fələstində, xüsusilə Həmas və Fətah kimi qruplaşmaların Fransanın xüsusi xidmət orqanları ilə dolayısı əlaqələri olduğu barədə iddialar var. 2000-ci illərdə başlayan ikinci intifada zamanı Fransanın diplomatik nümayəndələri ilə HƏMAS arasında gizli görüşlər keçirilib. Fransanın DGSE və "Mossad" ilə birgə Fələstindəki bir sıra əməliyyatlarda iştirak etdiyi iddia olunur. 2006-cı ildə Parisdə HƏMAS nümayəndəsi Osman Sahin ilə Fransanın kəşfiyyat zabiti Anri-Pol Gibbon (Henri-Paul Gibbon) arasındakı gizli görüşlər mətbuatda sızdırıldıqda bu əməkdaşlıq daha da diqqət mərkəzinə düşdü.

 

İsraildəki casus şəbəkələri

 

İsraildə Fransa həm rəsmi, həm də qeyri-rəsmi kanallarla məlumat toplamağa çalışıb. "Mossad" ilə Fransanın xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq, zaman-zaman iki ölkə arasında diplomatik gərginliklərə səbəb olsa da, gizli əlaqələr qorunub saxlanılıb. 1998-ci ildə İsrail rəsmiləri David Doyon adlı Fransanın kəşfiyyat zabitinin "Mossad" tərəfindən izlənildiyini və İsrail dövlətinə qarşı casusluq etdiyini aşkarladılar. Bu hadisə Fransa ilə İsrail arasındakı kəşfiyyat əlaqələrini sual altına qoydu və qısa müddət ərzində iki ölkə arasında diplomatik gərginlik yaşandı.

 

Başabəla "peşəkarlar"ın biabırçı uğursuzluqları

 

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) mühüm bir əməliyyat keçirərək, Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) üçün casusluq edən üç nəfəri ələ keçirdi. Bu qrupun başında suriyalı vətəndaş Əhməd Keyti dayanırdı və o, Türkiyənin miqrasiya siyasəti və ölkədəki suriyalı qaçqınlarla bağlı məlumatları DGSE-yə ötürürdü. Bu məlumatlar əsasında Fransada yerləşən bəzi qeyri-hökumət təşkilatları (QHT), xüsusilə də Parisdəki strukturlar, Türkiyənin beynəlxalq arenada imicini zədələmək məqsədi güdürdü. Bu təşkilatlar, Türkiyədəki qaçqın düşərgələrində guya insan haqlarının pozulduğunu və işgəncələrə yol verildiyini iddia edirdilər.

 

Casusluq şəbəkəsi Parisdə yerləşən "Hələbin Dostları" adlı QHT ilə əlaqələndirilirdi və onların əməkdaşlığı məhz DGSE-nin vasitəçiliyi ilə qurulmuşdu. Şəbəkənin üzvlərinə Fransada siyasi sığınacaq vəd edilmişdi ki, bu da onların əməkdaşlığa daha çox meylli olmalarına səbəb olmuşdu. DGSE son on il ərzində bir çox ölkələrdə, xüsusilə də Afrikada bir neçə uğursuz əməliyyat həyata keçirmişdir ki, bu da qurumun zəif idarə olunması və qeyri-peşəkarlığı ilə əlaqələndirilir.

 

DGSE-nin uğursuzluqları arasında, ən diqqət çəkəni, 2023-cü ilin iyul ayında Nigeriyadakı dövlət çevrilişinə vaxtında reaksiya verə bilməməsi idi. Prezident Emmanuel Makron bu uğursuzluğa görə ciddi narahatlıq ifadə etmiş və DGSE rəhbərliyini sərt tənqid etmişdi. Bu tənqidlərlə üzləşən qurumun müavini general Olivye Bonne de Payerə sentyabr ayında istefa verməyə məcbur oldu. Bu hadisə DGSE-nin təşkilati problemlərinin dərinliyini və onun Fransanın xarici siyasətindəki zəifliyini bir daha üzə çıxardı.

 

DGSE-nin qeyri-peşəkar fəaliyyətinin bir başqa nümunəsi isə 2018-ci ildə ortaya çıxdı. Fransanın BMFTV kanalı DGSE agentlərinin istifadə etdikləri mobil tətbiqetmə "Strava" vasitəsilə asanlıqla tanına biləcəyini bildirdi. Bu tətbiqetmənin istifadəsi, agentlərin hərəkət marşrutlarını və şəxsiyyətlərini aşkara çıxardı və nəticədə onların təhlükəsizliyi təhdid altına düşdü. Bu, DGSE-nin informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqlara sahib olduğunu göstərdi.

 

Strava tətbiqindən istifadə etməklə DGSE agentlərinin yerini müəyyənləşdirmək asanlaşdı. Məsələn, İraqda olan bir agentin geolokasiyası, həmçinin DGSE-nin Fransa və Afrikada yerləşən vacib dinləmə stansiyalarının ətrafında hərəkət edən digər agentlər aşkar edildi. Bu hadisələr bir daha göstərdi ki, DGSE-nin fəaliyyətində əsas problemlərdən biri informasiya təhlükəsizliyi və gizlilik məsələlərinə lazımi diqqət yetirilməməsidir.

 

DGSE-nin digər uğursuzluqları arasında 2016-cı ildə Parisdə yerləşən qurumun "casus qülləsi"ndə baş verən yanğın da xüsusi diqqətə layiqdir. Bu yanğın zamanı bina tamamilə təxliyə edildi və məsələ hərbi sirr səviyyəsində gizlədildi. Məlum olmadı ki, yanğın qəsdən törədilmişdi, yoxsa təsadüfi baş vermişdi. Eyni zamanda yanğın nəticəsində DGSE-yə dəymiş zərərin məbləği də gizli saxlanıldı.

 

2023-cü ilin oktyabrında DGSE-nin sabiq zabiti Jan-Fransua Lüyye hərbi sirri yaydığına görə həbs olundu. Onun 2018-ci ildə çap olunan "Tripolidən Adam" kitabı Lüyyenin Liviyada keçmiş fəaliyyəti və Fransa üçün mühüm əlaqələr qurduğu dövrdən bəhs edirdi. Bu hadisə göstərir ki, DGSE-nin əməkdaşları arasında məlumat sızmalarına qarşı kifayət qədər effektiv nəzarət mexanizmləri mövcud deyil.

 

Fransanın casusluq şəbəkəsi əsasən xaricdəki diplomatik nümayəndəliklər, qeyri-hökumət təşkilatları və digər təhsil müəssisələri vasitəsilə həyata keçirilir. Fransanın bir çox səfirliklərində əməkdaşlıq və mədəniyyət üzrə departamentlər mövcuddur. Bu departamentlər vasitəsilə DGSE müxtəlif ölkələrdəki vətəndaş cəmiyyətlərini dəstəkləyir, yenilikçi biznes layihələrinə yardım edir və eyni zamanda fransız dili və mədəniyyətini yayır. Bu strukturlar, eyni zamanda, Fransa hökuməti tərəfindən təltif ediləcək şəxslərin siyahısını müəyyənləşdirir.

 

Fransanın xarici siyasətində xüsusi rol oynayan digər bir institut isə "Fransız İnstitutu"dur. Bu təşkilat Fransa mədəniyyətinin yayılması məqsədilə yaradılıb və dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Azərbaycanda da "Fransız İnstitutu" fəaliyyət göstərir. Bu qurumlar xarici siyasət aləti kimi istifadə olunur və Fransa dövlətinə xidmət edən casus şəbəkələrinin inkişafına şərait yaradır.

 

Fransanın kəşfiyyat orqanları, xüsusi təlim keçmiş əməkdaşları ilə xarici ölkələrdəki strateji mövqelərə sahibdir. Onlar səfirliklərdə, QHT-lərdə və digər strukturlarda fəaliyyət göstərərək informasiya toplama və təsir mexanizmləri qurmaq üçün geniş şəbəkələr yaradırlar. DGSE-nin bu fəaliyyəti xüsusilə Afrika və Yaxın Şərq bölgələrində güclü şəkildə aparılır.

 

DGSE xaricdə fəaliyyət göstərən əsas casus şəbəkəsi olsa da, Fransanın digər kəşfiyyat və əks-kəşfiyyat strukturları da mövcuddur. Məsələn, Hərbi Əks-Kəşfiyyat Xidməti, İnformasiya Təhlükəsizliyi Sistemi Mərkəzi və Hərbi Radiokəşfiyyat Briqadası bu sahədə mühüm rollara malikdir. DGSE-nin əsas missiyası isə Fransa Respublikasının təhlükəsizliyi üçün məlumat toplamaq və bu məlumatlar əsasında təhlükələrin qarşısını almaqdır. Bu xidmətin əməkdaşları xarici ölkələrdə müxtəlif örtüklər altında fəaliyyət göstərirlər.

 

Xarici ölkələrdəki fəaliyyətlə yanaşı, DGSE-nin daxili strukturunda da mühüm dəyişikliklər baş verir. Son illərdə texnologiya, iqtisadiyyat və elmi sahələrdə peşəkar kadrlara olan tələbat artıb və bu sahələrdə yeni mütəxəssislər işə cəlb edilir. Eyni zamanda DGSE-nin tərkibindəki xüsusi xidmətlər Şimali Afrika, Balkan yarımadası, Cənubi Qafqaz kimi regionlarda fəaliyyət göstərərək strateji məlumatlar toplamağa davam edir.

 

Ümumilikdə, Fransanın casusluq fəaliyyəti müxtəlif səviyyələrdə aparılır və əsas hədəf ölkələrdəki strateji mövqeləri qorumaq və ya gücləndirməkdir. Bu istiqamətdə xüsusi xidmət orqanları vasitəsilə məlumatlar toplanır və analiz edilir, həmçinin xüsusi əməliyyatlar həyata keçirilir. Fransa dövlətinin qlobal miqyasda təsir gücünü artırmaq üçün geniş və çoxşaxəli casus şəbəkəsi qurulmuşdur.

 

Ekspertlər nə deyir?

 

Fransanın Yaxın Şərqdəki fəaliyyəti barədə müxtəlif beynəlxalq ekspertlər də fikir bildiriblər. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq agenti Robert Baer öz kitabında Fransanın Suriya və Livandakı fəaliyyətlərini təsvir edərək, bu əməliyyatların əsas məqsədinin Yaxın Şərqdəki maraqlarını qorumaq olduğunu vurğulayıb. Tanınmış fransız Yaxın Şərq tədqiqatçısı Frederik Pişon (Frédéric Pichon) Fransanın Livan və Suriya ilə əlaqələrində həm diplomatik, həm də gizli yollarla ekstremist qruplarla əlaqə saxladığını qeyd edib. Onun sözlərinə görə, Fransa, xüsusilə Suriyadakı müharibədə həm siyasi, həm də hərbi sahədə öz maraqlarını təmin etmək üçün müxtəlif taktikalardan istifadə edib.

 

Fransa Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Pyer Konesa (Pierre Conesa) Yaxın Şərqdə kəşfiyyat şəbəkələrinin aktiv şəkildə işlədiyini və ekstremist qruplaşmalarla Fransa arasında dolayısı əlaqələrin olduğuna dair şübhələr olduğunu bildirib.

 

Sənədlər və iddialar

 

Fransanın Yaxın Şərqdəki xüsusi xidmət orqanlarının fəaliyyətləri ilə bağlı bir sıra məxfi sənədlər və hesabatlar mövcuddur. 2015-ci ildə sızdırılmış bir DGSE sənədi Fransa xüsusi xidmət orqanlarının Suriyadakı müxalif qüvvələrə silah tədarükü barədə məlumat verib. Həmçinin, 2017-ci ildə "Le Monde" qəzetində yayımlanmış məlumatlarda Fransanın DGSE zabitlərinin Livanda "Hizbullah" ilə gizli əlaqələr qurduğu iddia olunub.

 

Fransanın Yaxın Şərqdəki xüsusi xidmət fəaliyyəti mürəkkəb və çoxistiqamətlidir. Bu əlaqələr, Fransa xüsusi xidmət orqanlarının regional maraqlarını təmin etmək üçün ekstremist və silahlı qruplaşmalarla gizli əməkdaşlıqlar qurmaqdan çəkinmədiyini göstərir. Yaxın Şərqdə Fransanın diplomatik və kəşfiyyat əməliyyatlarının tarixi, bölgədəki münaqişələrin gedişatına birbaşa təsir göstərmiş və bir çox hallarda bu əlaqələr açıq şəkildə ortaya çıxmasa da, araşdırmaçılar və ekspertlər tərəfindən geniş şəkildə müzakirə olunmuşdu.

 

... Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdə sülh və stabillik üçün çalışdığını deyir. Sözdə belədir.

 

Əməldə isə...


Elçin ALIOĞLU(Trend)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.