Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanda rəsmi səfərdədir.
Senzor.az bildirir ki, Macarıstan hökuməti başçısının Tbilisi Beynəlxalq Hava Limanına gəlişini əks etdirən görüntüləri “İmedi” telekanalı canlı yayımlayıb.
Məlumata görə, Orban Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüş keçirəcək. Həmçinin geniş tərkibdə görüşlər də nəzərdə tutulub. Macarıstanın nümayəndə heyətinə o cümlədən ölkənin xarici işlər naziri Peter Siyarto, iqtisadi inkişaf naziri Marton Nad, maliyyə naziri Mihay Varqa, dövlət katibi Yanoş Nad və digər rəsmi şəxslər daxildir.
Qeyd olunur ki, Macarıstan Baş nazirinin səfəri iki gün davam edəcək.
Yeri gəlmişkən. Viktor Orban Tbilisiyə gələndən bir az sonra sosial şəbəkədə yazıb ki, “Gürcüstanın Avropa Birliyinin faydasız təlimlərinə ehtiyacı yoxdur”.
“Gürcüstan mühafizəkar, xristian və avropayönlü dövlətdir, faydasız təlimlər əvəzinə, onların Avropa yolunda bizim dəstəyimizə ehtiyacı var”, - deyə Orban vurğulayıb.
Yerli KİV-in yazdığına görə, 26 oktyabrda keçirilən seçkilərin nəticələrindən narazı qalan insanlar Viktor Orbanı Tbilisi aeroportunda etirazla qarşılayıblar. Aksiyaçıların fikrincə, Orbanın səfəri seçkiləri saxtalaşdıran hakim Gürcü Arzusu Partiyasına dəstək xarakteri daşıyır.