İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ən azı 92 nəfər ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə bölgənin fövqəladə hallar xidməti "X" sosial platformasında məlumat yayıb.
Təbii fəlakət nəticəsində həlak olanların sayının artacağı istisna edilmir.
Onu da qeyd edək ki, İspaniyanın Valensiya şəhərində yollar və bütün ərazilər su altında qalıb, bu da xilasetmə əməliyyatlarını ciddi şəkildə çətinləşdirir, hərəkəti məhdudlaşdırır.
Bundan başqa, Valensiyada əsl "avtomobil qəbiristanlıqları" yaranıb. Fotolardan da məlum olur ki, şəhər sakinləri çaşqınlıq içindədirlər və sığınacaq axtarmağa tələsirlər.
**21:28(30.10.2024)
İspaniyada daşqın qurbanları üçün üçgünlük matəm elan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, matəm oktyabrın 31-dən noyabrın 2-dək davam edəcək.
Qeyd edək ki, İspaniyanın cənub-şərqində güclü yağışlarla müşayiət olunan fırtına və onların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 70 nəfəri ötüb.
“El Pais” qəzetinin yazdığına görə, təbii fəlakət səbəbindən dəmir yolu əlaqəsi kəsilib, onlarla aviareys təxirə salınıb. Əlverişsiz hava şəraiti ən çox Valensiya Muxtar İcmasının infrastrukturuna ziyan vurub.
Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi də cəlb olunub.
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi daşqın nəticəsində həyatını itirənlərlə bağlı İspaniya hökumətinə başsağlığı verib.