Bu gün ABŞ-da 60-cı dəfə prezident seçkiləri keçiriləcək.
Senzor.az xatırladır ki, Ağ Ev uğrunda mübarizədə sabiq prezident Donald Tramp və Ohayonun senatoru Ceyms Devid Venslə vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Vals mübarizə aparırlar.
Qeyd edək ki, Kamala Harris hazırkı prezident Co Bayden namizədliyini geri götürəndən sonra Demokratların namizədi oldu.
Onu da qeyd edək ki, seçkilərdə amerikalılar prezident və vitse-prezidentlə yanaşı, 33 senator, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hökumətləri seçməli olacaqlar.
Erkən səsverməyə oktyabrın 26-dan start verilib. Seçicilərin 78,1 milyona yaxını prezident seçkiləri ilə bağlı artıq səs veriblər.
Məlumata əsasən, onlardan 55 faizi bunu seçki məntəqəsinə gedərək edib, 45 faizi isə səslərini poçt vasitəsilə göndərib.
Erkən səsvermədə iştirak edənlərin 52 faizi kişi, 44 faizi qadındır. Qalan 3 faizlə bağlı məlumat dəqiqləşməyib.
Beləliklə: Tramp, yoxsa Kamala? İndi nəinki ABŞ, bütün dünya bu suala cavab gözləyir. Yeri gəlmişkən, yerli ekspertlər gərgin rəqabət şəraitində keçən seçkiöncəsi prosesin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkirlər…